“Media: Dini radikalizmlə mübarizə”

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: Dini radikalizmlə mübarizə” adlı konfrans keçirilib. Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, media rəhbərləri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan komitə sədri Mübariz Qurbanlı bildirib ki, sabitliyin qorunmasında hüquq-mühafizə orqanları, medianın rolu çox vacibdir: “Hesab edirəm ki, mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir”.

O qeyd edib ki, bu gün kimlərsə sosial məsələləri qabardaraq, demokratiya pərdəsi adı altında ictimai siyasi sabitliyi pozmağa cəhd edir: “Media bu mövzuları işıqlandıran zaman diqqətli olmalıdır, məsələyə həssaslıqla yanaşmalıdır”.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov diqqətə çatdırıb ki, bu gün Azərbaycanda sosial şəbəkələrdə 3 milyona qədər insan var və çox təəssüf ki, Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər: “Kənardan Azərbaycanın daxili siyasətinə müdaxilə etmək mümkün deyil”.

Ə.Amaşov bildirib ki, mühüm layihə olan TANAP layihəsinin həyata keçirilməsindən sonra Gəncə hadisələrinin baş verməsi insanı nələrisə düşünməyə vadar edir: “Baş verən hadisələri ilə İslam dininin əlaqəsi yoxdur, ayrı-ayrı qruplar din pərdəsi altında gizlənərək öz niyyətlərinə çatmaq istəyirlər. Azərbaycan mediası bunu görür, mediada çalışanlar isə Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi öz işlərini düzgün qururlar”.

Tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, dünyada çox qəribə proseslər gedir və bu proseslərin heç biri müsəlman dövlətlərinə yaxşı heç nə vəd etmir: “Həm ərəb baharları, həm rəngli inqilablar nəticə etibarı ilə müsəlman dövlətlərinin dağılmasına, insanların ölməsinə, ac susuz qalmasına, qaçqına çevrilməsinə səbəb olub”.

O qeyd edib ki, bəzi qüvvələr çalışırlar ki, məhz İslamın terror dini olduğu, terroru ancaq İslam dininə sitayiş edənlərin törətdiklərini sübut etsinlər: “Din adı altında gizlənən ekstremist-radikal qruplar var. Bu qruplar Azərbaycanda da var və zaman-zaman məqam tapan kimi başlarını qaldırırlar. O insanlar ki, Azərbaycanda sabitliyin pozulmasına çalışırlar, onlar Azərbaycan dövlətinin və xalqının düşmənləridirlər. Biz heç vaxt buna imkan verməyəcəyik. Sabitlik o halda pozulur ki, iqtidarla xalq arasında birlik olmasın, xalq iqtidarın siyasətini dəstəkləməsin. Bir neçə ay öncə Azərbaycanda prezident seçkiləri keçirildi və xalq orada öz sözünü dedi və dəstəyini ifadə etdi. Bu gün Azərbaycan xalqı öz prezidentindən çox razıdır və biz 15 il bundan əvvəlki vəziyyətlə bu günkü vəziyyəti müqayisə edəndə bunun şahidi oluruq”.

Daha sonra çıxış edən SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib ki, dövlətimizə və xalqımıza qarşı idxal olunan terror və təhdidlərə qarşı mətbuat dövlətin və xalqın yanındadır: “Bu bizim borcumuzdur. Son hadisələr bir daha Azərbaycan mətbuatının dövlətin yanında olduğunu göstərdi”.

Tədbirdə çıxış edən “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, son hadisələrdə yaxşı informasiya təminatı oldu: “Dindarlar da vətəndaşlardır və cəmiyyətin inanclı kəsimidirlər. O şəxslər ki, təxribat törədiblər, onlar yanlız ekstremistlərdir”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, dini məsələlərlə bağlı geniş təbliğat işi aparılmalıdır. O qeyd edib ki, istər cəbhə bölgəsində baş verən hadisələr, istərsə də bu cür məqamlarda bəzi saytlar, müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir.

Tədbrdə çıxış edən digər iştirakçılar da dini məsələlərin mediada işıqlandırılmasına diqqətlə yanaşmağın vacibliyini qeyd ediblər.

Müəllif: Ceyhun Rasimoğlu