Mehriban xanım Əliyeva açılışlar etdi -Fotolar

Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən Mədəniyyət Mərkəzinin martın 5-də açılış mərasimi olub.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğı mövcud mədəniyyət obyektlərinin tamamilə yenidən qurulmasında, həmçinin yeni müasir mədəniyyət ocaqlarının yaradılmasında özünü aydın göstərir. Xəzər rayonunun Şağan qəsəbəsində yeni tikilən Mədəniyyət Mərkəzi də bu istiqamətdə görülən işlərdən biridir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.

Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət ocağının yeni binası, ilk növbədə, zəngin Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətinin gənc nəsil arasında təbliği işinə xidmət edir. Digər tərəfdən, bu hadisə mədəniyyətin inkişafının, onun infrastrukturunun yaradılmasının hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir. Belə mədəniyyət obyektlərində istənilən tədbiri yüksək səviyyədə təşkil etmək üçün geniş imkanlar var. Bundan başqa, kollektivin, o cümlədən yaradıcı insanların iş şəraitini müasir tələblər səviyyəsinə çatdırmaq baxımından bu cür layihələr mühüm əhəmiyyət kəsb edir. Müasir üslubda inşa edilən bu binalar həm də yerləşdikləri ərazinin gözəlliyini artırır. Bütün bunlar bir daha sübut edir ki, mədəniyyətimizin, incəsənətimizin, musiqimizin tarixi ənənələrini qorumaq və inkişaf etdirmək, gələcək nəsillərə çatdırmaq bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətində də əksini tapıb.

Mədəniyyət Mərkəzinin ətrafındakı ərazi abadlaşdırılıb, ağaclar əkilib və yaşıllıq salınıb.

Yeni Mərkəzlə tanış olan Mehriban Əliyeva kollektivə uğurlar arzuladı.

 


Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “İnci” körpələr evi-uşaq bağçasının binası martın 5-də istifadəyə verilib.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, “İnci” körpələr evi-uşaq bağçası 1987-ci ildə fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə körpələr evi-uşaq bağçası Dövlət Neft Şirkətinin balansından Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin vaxt məktəbəqədər təhsil müəssisəsi 7 qrup ilə fəaliyyət göstərirdi.

“İnci” körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, binanın əsaslı təmirinə 2016-cı ilin iyul ayından başlanılıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi ingilis dili qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu istiqamətdə dövlət tərəfindən atılan addımlara Heydər Əliyev Fondu da böyük töhfələr verir. Bu baxımdan Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti xüsusi qeyd edilməlidir.

RƏSUL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir