Mehriban xanım Əliyeva körpələr evində olub

Sentyabrın 26-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki 136 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

14

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.

Birinci xanım binanın əvvəlki vəziyyətini əks etdirən fotolara baxdı.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ilin iyununda binada əsaslı yenidənqurma işlərinə başlanılmışdı. Yenidənqurma işlərinin qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Nəticədə uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb.

1969-cu ildə inşa edilmiş bağça 3 korpusdan ibarətdir. Burada 2-6 yaş arası 8 qrupda 150 uşağın təlim-tərbiyəsi ilə 18 pedaqoji və 8 texniki işçi məşğul olur. Binadakı 28 otaq, həmçinin musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar bütün zəruri avadanlıqla təchiz edilib. Heydər Əliyev Fondu tərəfindən bağçaya mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər zəruri əşyalar hədiyyə edilib.

Bağçanın həyətində abadlıq işləri görülüb, uşaqların istirahəti üçün köşklər, əyləncə və idman qurğuları quraşdırılıb. Həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədi ilə xüsusi meydança yaradılıb. Yeni layihəyə əsasən bağçanın hər 3 korpusunda əlavə dizayn işləri görülüb.