Mehriban xanım Əliyevanın tapşırığı icra olundu

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən humanitar və sosial yönümlü layihələrin davamı olaraq, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan ayı münasibətilə Pakistanın Xüsusi Təhsil üzrə Baş Direktorluğunun müxtəlif məktəblərindən olan xüsusi qüsurlu uşaqlar üçün iftar yeməyi və hədiyyələrin təqdim olunması mərasimi təşkil olunub.

XALQ.AZ xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, İslamabad şəhəri merinin, Pakistanın qadınların təcavüz hallarından müdafiəsi üzrə müvəkkilinin (ombudsman) və bir sıra xarici ölkələrin səfirlərinin qatıldığı tədbirdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından uşaqları və iştirakçıları salamlayan, Beynəlxalq Uşaqlar Günü və Ramazan ayı münasibətilə təbrik edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanın ənənəvi olaraq uşaq hüquqlarının müdafiəsinə böyük əhəmiyyət verdiyini nəzərə çatdırıb. Diplomat uşaqların müdafiəsi, onların rifah halının yaxşılaşdırılması, onların hüquq və azadlıqlarının təmin olunması, həmçinin bu sahədə dövlət siyasətinin koordinasiya edilməsinin Azərbaycan hökumətinin əsas vəzifələrindən biri olduğunu qeyd edib.

Səfir uşaqların Azərbaycanda və ölkə xaricində müdafiəsində xüsusi rolun, həmçinnin Azərbaycanın Heydər Əliyev Fonduna, xüsusən Fondun prezidenti – YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevaya məxsus olduğunu vurğulayıb. Ə.Əlizadə məlumat verib ki, Fond təsis olunandan bu günədək Mehriban Əliyevanın təşəbbüsü ilə müvafiq ehtiyaclı uşaqların müəyyənləşdirilməsi, onların təhsili, müdafiəsi, sağlamlıqlarının, hüquq və azadlıqlarının qorunması sahələrində əhəmiyyətli layihələr həyata keçirib və bu işlər bu gün də uğurla davam etdirilir.

Səfir Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyətinin 2005-ci ildə Kəşmirin Müzəffərabad şəhərində qızlar üçün yeni məktəbin inşası ilə başladığını xatırladıb. O bildirib ki, həmin ildən etibarən Fondun prezidenti, Azərbaycanın birinci xanımı Pakistanın bütün əyalətlərində sağlamlıq, təhsil, inkişaf, sosial və humanitar layihələrin icra edilməsi təşəbbüsü ilə çıxış edib və həyata keçirilməsinə dəstək verib.

Ə.Əlizadə qeyd edib ki, Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Fondun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr Pakistanla Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini daha da gücləndirməyə və dərinləşdirməyə xidmət edir. O vurğulayıb ki, Beynəlxalq Uşaqlar Gününün və müqəddəs Ramazan ayının xüsusi qüsurlu uşaqlarla bu gün birgə qeyd edilməsi üçün Fond tərəfindən göstərilən təşəbbüs və dəstək bir daha dostluğa, insanlığa xidmət edir və uşaqların hüquqlarının müdafiəsinə diqqəti çəkmək, onların bayramında onları sevindirmək, daima onlarla birgə olduğumuzu uşaqlara göstərmək məqsədi daşıyır. Səfir tədbirdə digər məqsədin isə onların təqdim etdiyi çıxışlarla qüsurun, əlilliyin bacarıqsızlıq olmadığını, sadəcə əlil uşaqların müdafiə olunmağa, dəstəyə və sevgiyə ehtiyaclarının olduğunu ictimaiyyətə bir daha xatırlatmaq olduğunu bildirərək bu nəcib işdə təşəbbüsə və dəstəyə görə Heydər Əliyev Fondunun prezidentinə təşəkkür edib.

Tədbirin əsas qonağı olan paytaxt İslamabad şəhərinin meri Şeyx Ənsar Əziz Pakistanla Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək səviyyəli münasibətlərdən söhbət açıb. O, Heydər Əliyev Fondunun Pakistanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələri yüksək qiymətləndirıb və 2005-ci ildə baş vermiş zəlzələdən sonra Fond tərəfindən Kəşmirin Müzəffərabad şəhərində tikilmiş 500 şagird yerlik qızlar məktəbinin xatırlanan layihələrdən olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, Fond sadəcə məktəbi inşa etməklə kifayətlənməyib, eyni zamanda, mütəmadi olaraq onu lazımi ləvazimatlarla – kompüterlər, printerlər, kitab və s. əyani vasitələrlə də təmin edir.

İslamabad şəhərinin meri Fondun həyata keçirdiyi digər layihələri, o cümlədən sağlamlıq sahəsindəki layihələri də qeyd edərək, eləcə də Ramazan ayında Pakistanın müxtəlif bölgələrində yardım bağlamalarının əhalinin kasıb təbəqəsinə paylanmasının, Qurban bayramında isə sağlamlıq vəziyyəti məhdud olan yüzlərlə uşağın yaşadığı müəssisələr üçün qurbanlıqların kəsilərək təqdim olunmasının, hədiyyələrin, tabletlərin, oyuncaqların verilməsinin insanlıq nümunəsi olduğunu xatırladıb.

Ş.Ə.Əziz bütün bunların Mehriban xanım Əliyevanın Pakistana qarşı səmimi münasibətinin təzahürü olduğunu qeyd edib və Fondun Pakistanda həyata keçirdiyi işlərin nəticəsi olaraq onun prezidenti Mehriban Əliyevanın “Hilale-Pakistan” ordeni ilə təltif edilməsinin təsadüfi olmadığını söyləyib.

Sonda mer Fonda və Azərbaycan səfirliyinə İslamabad şəhərinin xüsusi qüsurlu uşaqları üçün iftar yeməyi təşkil etdiklərinə, müxtəlif hədiyyələr təqdim etdiklərinə və onlara bu dünyanın bir hissəsi olduqları hissini yaşatdıqlarına görə öz təşəkkürlərini çatdırıb.

Çıxışlardan sonra tədbir müxtəlif məktəbləri təmsil edən xüsusi qüsurlu uşaqların kiçik səhnəcikləri, çıxışları, həmçinin uşaqlara hədiyyələrin təqdim edilməsi ilə davam edib və onlar üçün açılmış iftar süfrəsi ilə başa çatıb.

 

 

Orxan