Mikayıl Cabbarov Prezidentə şikayət etdi

Mikayil

“Təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir”

“Dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləri baş verir.

Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır”.

Xalq.az-ın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçirilir.

Nazir deyib ki, ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir: “Ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün əsas kimi çıxış edəcək.

Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə “sabah qrupları”nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcək. Növbəti akademik ildən başlayaraq nazirlik öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır.

Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaq”.