Mikayıl Cabbarov tələbələrlə görüşdü

Mikayil

Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin bir qrupu ilə görüşüb.

XALQ.AZ-ın məlumatına görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk tələbələrin bir qrupu təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı, Avstraliya, Almaniya, Polşa, Fransa, ABŞ, Finlandiya, İtaliya, Rusiya Federasiyası, Belçika, İspaniya və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Harvard, Kembridc, Lund, Melburn universitetləri və Parisin Ali Kommersiya Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.
Xaricdə təhsil üzrə Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün sənəd qəbulu 22 may – 08 avqust tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir.

2007-2013-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış gənclərin ümumi sayı 2612 nəfərdir.