Millət vəkilləri ATƏT-in iclasında iştirak edəcəklər

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat təşkilatın illik sessiyasında iştirak etmək üçün iyulun 6-da Almaniyanın paytaxtı Berlinə səfər edəcək.

XALQ.AZ xəbər verir ki,  nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, millət vəkilləri Ülviyyə Ağayeva, Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə daxildirlər.

Qurumun Daimi komitəsinin iclasında sessiyanın gündəliyi təsdiq olunacaq, xüsusi nümayəndələrin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, prosedur qaydalarına dəyişikliyin edilməsi barədə təkliflərə baxılacaq. Təşkilatın komitələrində hərbi-siyasi sahədə ATƏT-in öhdəlikləri, münaqişələrin həlli yolları, terrorizmlə mübarizə, iqlim dəyişiklikləri, münaqişələrin ətraf mühitə təsiri, rəqəmsal texnologiyaların inkişafı, fövqəladə hallarda insan haqları, qaçqın və miqrantların hüquqları və digər məsələlər müzakirə olunacaq.

Sessiyada “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” mövzusu ətrafında müzakirələr aparılacaq. Tədbirdə Azərbaycan tərəfinin “Nəqliyyat şəbəkələrinin inkişafı, o cümlədən Qədim İpək Yolunun bərpası vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi” adlı qətnamə layihəsi təqdim ediləcək. Toplantıda, həmçinin, “Terrorizmin, ekstremizmin qarşısının alınması”, “ATƏT regionunda müharibə və nifrətin təbliğinə qarşı mübarizə”,  “Gənclərin hərtərəfli inkişafı üçün imkanların yaradılması yolu ilə sülhün və təhlükəsizliyin təşviqi”, “Gender zorakılığı ilə mübarizə”, “ATƏT-in səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində öhdəliklərin təsdiq edilməsi” adlı qətnamələr və digər sənədlər qəbul ediləcək.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir