Milli Məclis 2014-ci ilin büdcəsini müzakirə edir

 

74

Milli Məclisin plenar iclasında «Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında», «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında», «Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında» və «Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihələrinin müzakirəsinə başlanılıb.

«APA-Economics»in məlumatına görə, «Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında» qanun layihəsi haqqında danışarkən Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycanda MDB ölkələri arasında ÜDM-in adambaşına düşən həcminə görə liderdir: «Yaxın 4-5 ildə Azərbaycanda ÜDM-in həcmi 100 mlrd. ABŞ dolları civarında olacaq. Dövlət Neft Fondundan büdcəyə transfer 2 mlrd. manat və yaxud 17,2% azaldılacaq».

Z.Səmədzadə qeyd edib ki, 2014-cü ildə Azərbaycanın qeyri-neft sektorundan vergi daxilolmaları 19,2% artacaq. Gələn il 5 şəhər dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdıracaq.

Millət vəkili deyib ki, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinin daxilolmalarındakı payı 8,2% olacaq: «Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Büdcə gəlirlərinin 6,245 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da 2013-cü ilin proqnozundan 20,8% çoxdur».

Z.Səmədzadə bildirib ki, Azərbaycanın dövlət büdcəsi Ermənistan dövlət büdcəsindən 6 dəfə, Gürcüstan büdcəsindən isə 5 dəfə çoxdur: «Hökumətin büdcə siyasətində əsas yeri real sektor tutur. Yeni kənd təsərrüfatı sahələrinin yaradılmasına və Azərbaycanın istehsal etdiyi məhsulların dünya bazarına çıxmasına şərait yaradılmalıdır. Ölkədə məşğulluğun artırılması və yeni iş yerlərinin yaradılmasına diqqət artırılmalıdır».

Komitə sədri qeyd edib ki, bəzi regionlarda işçilərin əmək haqları çox aşağıdır və bu əmək haqları mütləq artırılmalıdır: «Bizim buna imkanımız var».

Qeyd edək ki, «Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında» qanuna görə, Azərbaycanın gələn ilki dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri 20,063 mlrd. manat həcmində nəzərdə tutulur.