Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi müzakirəsi başa çatdı

 

65

 

Milli Məclisin noyabrın 14-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” və büdcə paketinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilmişdir.
Xalq.az AzərTAc-a istinadən  xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra müzakirələr olmuşdur.
Deputatlar gələn ilin dövlət büdcəsinin yüksək səviyyədə hazırlanmasından məmnunluqlarını ifadə etmiş, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması, ümumi daxili məhsulun artırılmasının real yollarından biri olan vergi ödəyicilərinin sayının artırılması, təhsilin, elmin inkişafı ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Müzakirələr zamanı xüsusi olaraq vurğulanmışdır ki, gələn ilin büdcəsinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın şaxələnməsini və digər tədbirləri özündə əks etdirəcəkdir.
Deputatların çıxışı başa çatdıqdan sonra Oqtay Əsədov demişdir ki, 3 gün davam edən müzakirələrdə 56 deputat və 4 hökumət nümayəndəsi çıxış etmişdir. Bir sıra faydalı təkliflər irəli sürülmüşdür. Parlamentdə səslənən rəy və təkliflərin bir daha nəzərdən keçirilməsi və müvafiq olanların nəzərə alınması üçün hökumətə bir həftə vaxt verilir.
Sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova iclasda səslənən bəzi fikirlərə münasibət bildirmişdir.
Nazir müavini bildirmişdir ki, Azərbaycanda iqtisadi inkişafın hazırda əsas hədəfi iqtisadiyyatın şaxələndirilməsini daha da dərinləşdirməkdir. Hədəflərimiz qeyri-neft sektoru ilə bağlıdır. Bu dövrədək iqtisadiyyatımızı 3 dəfədən çox artırmışıq və istəyimiz gələn 10 ildə ölkə iqtisadiyyatını daha 2 dəfə artırmaqdır. Keyfiyyətli insan kapitalının yaradılması qeyri-neft sektorunun inkişafına təsir edən amillərdəndir. Bu sahədə də ciddi işlər aparılır. Qeyri-neft sektorunun inkişafı üçün dövlət tərəfindən genişmiqyaslı infrastruktur yaradılır.
S.Həsənova demişdir ki, özəl sahənin inkişafı üçün biznes mühiti vacibdir. Biznes mühitinin davamlı olaraq təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir. Son 10 ildə Azərbaycanın qeyri-neft sahəsində ixrac potensialı gücləndirilmişdir. 2003-cü ildə 1218 adda məhsul ixrac edilirdisə, cari ildə bu rəqəm 2273-ə çatdırılmışdır. Son 10 ildə qeyri-neft sahəsində kənd təsərrüfatı və emalı məhsullarının ixracı 9,4 dəfə, sənaye məhsullarının ixracı isə 4,8 dəfə artmışdır. Bitki mənşəli yağların ixracı, hazır ərzaq məhsulları, eləcə də spirtli və spirtsiz içkilərin ixracı 38 dəfə artmışdır. Kimya sənayesi, o cümlədən əczaçılıq məhsullarının ixracı isə 22 dəfə artmışdır.
Nazir müavini onu da qeyd etmişdir ki, yeyinti məhsullarının idxalında mühüm ərzaq məhsulları üzrə ciddi azalma müşahidə edilir. Keçən il 2011-ci illə müqayisədə ət məhsullarının idxalı 30 faizədək, süd məhsulları 25 faizədək, un idxalı 89 faizədək azalmışdır. Bu tendensiya bundan sonra da davam edəcəkdir. Hazırda ikinci – 2009-2013-cü illər üçün regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı başa çatmaq üzrədir. Regionlarda bu illər ərzində 443 min yeni iş yeri yaradılmışdır ki, bunların da 336 mini daimidir.
Bildirilmişdir ki, elektrik təchizatı üzrə 23 min kilometrə yaxın elektrik xətləri çəkilmiş və əsaslı təmir olunmuş, 7 elektrik stansiyası istifadəyə verilmiş, 5400-ə yaxın transformator quraşdırılmış, 24 min kilometrdən çox yeni qaz xətləri çəkilmiş, 521 yaşayış məntəqəsi qazla təmin edilmişdir.
Proqram çərçivəsində Qəbələdə və Yevlaxda hava limanları istifadəyə verilmiş, 2620 kilometr uzunluğunda respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş, 112 körpü və tunel inşa olunmuş, 2332 kilometr su, 1090 kilometr kanalizasiya xətti çəkilmiş, 54 su anbarı, 863 kilometrdən çox korrektor drenaj şəbəkələri tikilmiş, 1244 kilometr uzunluğunda suvarma kanalları bərpa olunmuşdur.
Regionlarda 613 ATS istifadəyə verilmiş, 117 minədək nömrə tutumu artırılmış, 355 poçt binası, 623 məktəb, 112 uşaq bağçası, 209 tibb müəssisəsi, 282 mədəniyyət, 157 idman obyekti tikilmiş, 11 mindən çox sahibkarlıq subyektinə 850 milyon manata qədər kreditlər verilmişdir.
S,Həsənova diqqətə çatdırmışdır ki, hazırda III regional inkişaf proqramının üzərində iş gedir.
Sonra gündəlikdəki digər məsələlər – “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”,
“Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələrinə baxılmışdır.
DSMF-nin gələn il üçün proqnoz göstəriciləri barədə məlumat verən Fondun sədr müavini Elman Mehdiyev demişdir ki, 2014-cü ildə qurumun gəlirlərinin ötən illə müqayisədə 11 faiz artacağı proqnozlaşdırılır. Fondun 2014-cü il üçün gəlirləri 2928 milyon manat həcmində nəzərdə tutulmuşdur.
Onun sözlərinə görə, gəlirlərin 60,8 faizini və ya 1 milyard 784 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir. Bu da 2013-cü ilin proqnozuna nisbətən 14,9 faiz artım deməkdir. Gələn il büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 660,4 milyon manat təşkil edəcəkdir. Fondun xərcləri gələn il üçün 2 milyard 928 milyon 500 min manat həcmində proqnozlaşdırılır. Bu, 2013-cü ilin proqnozuna nisbətən 295 milyon 800 min manat və ya 11,2 faiz çoxdur. Əhaliyə ödənişlər 2 milyard 861 milyon 800 min manat təşkil edəcəkdir. Əmək pensiyalarının ödəniş xərcləri isə əhaliyə ödənişlərin 97,4 faizini təşkil edəcək. Pensiya ödənişlərinə 2 milyard 788 milyon 600 min manat yönəldiləcəkdir. Bu da 2013-cü illə müqayisədə 11,5 faiz və ya 288 milyon 300 min manat çoxdur.
E.Mehdiyev qeyd etmişdir ki, DSMF 2014-cü ildə büdcədənkənar təşkilatlardan daxilolmaların artımını proqnozlaşdırır. Gələn il üçün Fondun gəlirləri ümumilikdə 2 milyard 928 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisini 11,2 faiz üstələyir. Gələn il dövlət büdcəsindən DSMF-nin büdcəsinə transfertlərin həcminin azaldılması planlaşdırılır. DSMF-nin ümumi gəlirləri strukturunda dövlət büdcəsindən transfertlərin xüsusi çəkisi 38,9 faiz təşkil edir ki, bu da 2013-cü ilin göstəricisindən 2 faiz bəndi aşağıdır.
Sonra bildirilmişdir ki, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilmişdir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası ilə bağlı bildirilmişdir ki, Milli Məclisin və onun Aparatının saxlanması üçün 19 milyon 102 min 998 manat vəsait nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası 3 milyon 634 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da cari ilin proqnozundan ümumilikdə 2,3 faiz çoxdur.
Bununla da 2014-cü ilin dövlət büdcəsi və büdcə paketinə daxil olan qanun layihələrinin müzakirəsi başa çatdırılmışdır.