Milli Məclisdə görüş

Yanvarın 18-də  Milli  Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Azərbaycan-Çexiya  parlamentlərarası  əlaqələr  üzrə işçi  qrupunun rəhbəri Valeh Ələsgərov ölkəmizdə  səfərdə  olan  Çexiya  Respublikasının  sənaye  və  ticarət  naziri  Yan Mladekin  başçılıq  etdiyi  nümayəndə  heyəti  ilə  görüşdü.
Qonağı  Azərbaycan  parlamentində  salamlamaqdan məmnunluq  duyduğunu  bildirən vitse-spiker  vurğuladı  ki,  Şərqi Avropa  ölkələri arasında  münasibətlərə nəzər  salsaq,  coğrafi  mövqelərin  uzaqlığına  baxmayaraq Azərbaycan-Çexiya  əlaqələri  hər  zaman  yüksək  səviyyədə olub. O, ölkələrimiz  arasındakı iqtisadi, mədəni və  ticari əlaqələrin mövcud   vəziyyətindən  söz  açdı  və  bu səfərin, keçirilən  görüşlərin  əməkdaşlığmızın daha  da genişləndirilməsində səmərəli olacağına əminliyini bildirdi.  Valeh  Ələsgərov ölkəmizdə  həyata  keçirilən irimiqyaslı layihələr barəsində  ətraflı danışaraq bildirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətinin Çexiyanı da  əhatə  etməsi bizi çox  sevindirir. Bakı-Tbilisi-Qars  dəmir  yolu layihəsi də başa çatdıqdan sonra  həm Şərqi Avropa, həm də Uzaq Şərq  ölkələri  arasında   ticarət  əlaqələrinin  inkişafına  dərin yol açacaq.
Qonağa  Dağlıq  Qarabağ  münaqişəsinin  hazırkı  durumu  barədə  məlumat verən  Valeh Ələsgərov qeyd  etdi ki, bu  problem  nəinki ölkəmizdə, eləcə  də  regionda  böyük  layihələrin  inkişafına  maneçilik  törədir.
Səmimi  görüş  və ətraflı məlumat  üçün minnətdarlığını bildirən Çexiya  Respublikasının  sənaye  və  ticarət  naziri  Yan Mladek Azərbaycanla  Çexiya  arasında  münasibətlərin  yüksək  səviyyədə olduğunu  dedi  və əməkdaşlığımızın  daha  da  genişləndirilməsi  üçün  böyük potensialın olduğunu  qeyd  etdi.  Qonaq  münasibətlərimizin inkişafında  parlament  ölçüsünün əhəmiyyətini  xüsusi  vurğuladı  və bunun  üçün  parlamentlərarası dostluq  qruplarının  fəaliyyətini yüksək  dəyərləndirdi.
Söhbətdə qarşılıqlı maraq  doğuran bir  sıra məsələlər  haqqında  fikir  mübadiləsi  aparıldı.
Görüşdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev  və Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkan və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.