Milli Məclisdə mükafatlandırma

Azərbaycan Milli Məclisində (MM) MDB Parlamentlərarası Assambleya Şurasının fərqlənmə nişanlarının təqdimetmə mərasimi keçirilib.

Milli Məclisin mətbuat xidmətindən XALQ.AZ-a verilən məlumata görə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, Azərbaycanda sosial-iqtisadi uğurların sayı ilbəil artır: “Ölkəmizin beynəlxalq nüfuzlu təşkilatlarda, eləcə də MDB-də özünəməxsus rolu var. Azərbaycanda rus dili və mədəniyyəti bir sərvət kimi daim qorunur”.

S.Mirzəyev müasir dövrdə mətbuat və informasiyanın ictimai həyatımızdakı mühüm rolundan söz açıb. O, bu gün mədəniyyət, informasiya və idman sahəsində fəallığı ilə seçilən, qurumla qarşılıqlı münasibətlərin inkişafına layiqli töhfə verən insanların MDB Parlamentlərarası Assambleyası Şurasının fərqlənmə nişanları ilə təltif edilməsindən məmnunluğunu ifadə edib.

Aparat rəhbəri nominant kimi fərqlənən 160 nömrəli Bakı Klassik Gimnaziyasının direktoru Faina Ələkbərovaya, həmin məktəbin müəllimi İradə Səfərovaya, Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisaları Aleksandra Nikuşinaya, Valentina Reznikovaya “Mədəniyyətin inkişafında xidmətlərə görə”, Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları Firat Hüseynova, Bəxtiyar Rüstəmova, Basketbol üzrə əməkdar məşqçi Elxan Əliyevə, “Dinamo” İdman Cəmiyyətinin rəhbəri Rafiq Hacıyevə “İdmanın inkişafında xidmətlərə görə”, “İnterfaks-Azərbaycan” agentliyinin baş redaktoru Anar Əzizova, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynova isə “Mətbuat və informasiyanın inkişafında xidmətlərə görə” fərqlənmə nişanlarını təqdim edib.

Təltif olunanlar zəhmətlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildiriblər.