Milli Məclisdə uşaqlarla görüş keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirilib.

XALQ.AZ xəbər verir ki, Tədbirdən əvvəl uşaqlar Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalı ilə tanış olublar.

Tədbir iştirakçıları Milli Məclisin foyesində uşaqların əl işlərindən ibarət “Mənim Azərbaycanım” adlı sərgiyə baxıblar.

Milli Məclisdə uşaqlarla görüş keçirilib

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. Bildirib ki, uşaq hüquqları, ümumilikdə, insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Bu məsələ BMT-nin 1989-cu il noyabrın 20-də qəbul etdiyi Konvensiyada öz əksini tapıb. Bu Konvensiya uşaqların inkişaf, müdafiə, iştirakçılıq və yaşamaq hüququnu təsbit edib və dövlətlərin üzərinə bu öhdəlikləri qoyub. Azərbaycan da beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü kimi bu Konvensiyaya qoşulub və ondan irəli gələn öhdəliklərini də digər qanunlarda təsbit edib. 1998-ci ildə Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul olunub. Bu Qanun həm Konvensiyanın nəzərdə tutduğu öhdəlikləri, həm də Azərbaycanın uşaqların yaxşı yaşaması, inkişafı, savadlı, bilikli olması və sağlam böyüməsi üçün öz üzərinə götürdüyü öhdəlikləri əks etdirir. Bu müddət ərzində Azərbaycan həm beynəlxalq öhdəlikləri, həm də özünün müəyyən etdiyi vəzifələri ardıcıl şəkildə yerinə yetirməkdədir.

Milli Məclis sədrinin müavini Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və fəaliyyəti haqqında da danışıb: “Bildiyimiz kimi, bu günlərdə ölkəmizin hər bir guşəsində, eləcə də bütün dünyada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Cümhuriyyətin yaradılması, onun fəaliyyəti, qarşısına qoyduğu vəzifələr, gördüyü mühüm işlər barədə müzakirələr aparılır”.

Bahar Muradova diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev uşaq hüquqlarının qorunmasına böyük önəm verir. Bu həm Azərbaycan hökumətinin, həm parlamentinin, həm vətəndaş cəmiyyətinin, həm də valideynlərin, ayrı-ayrılıqda hər bir fərdin qarşısında duran vəzifədir. Biz gələcəyimizi təmin etmək üçün uşaqlara, gənclərə qarşı çox diqqətli olmalıyıq. Onlara nəinki hüquq verməli, həm də bu hüquqları yerinə yetirmək üçün şərait yaratmalı, uşaqları bu hüquqdan istifadəyə hazırlamalı, onların hüquqi təfəkkürünün formalaşması üçün çalışmalı və ardıcıl tədbirlər həyata keçirməliyik.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün uşaqlar üçün önəmini, eləcə də Milli Məclisdə keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi tədbirlərdən söz açan komitə sədri bildirib ki, 100 il bundan əvvəl təkcə qadın deyil, həm də uşaq hüquqları təsdiq olunub. Uşaq hüquqlarının qorunması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Bunların sırasında ən vacibi uşaqların, xüsusilə də qızların təhsil almaları, 16 yaşadək uşaqların işləməsinin qadağan olunması, uşaq bağçalarının açılması, məktəblərin sayının artması idi. Həmin qərarlar 100 il bundan əvvəl qəbul olunan mühüm sənədlərdə əksini tapmışdı. Xüsusən də erməni təcavüzü nəticəsində, Birinci Dünya müharibəsində əziyyət çəkmiş uşaqların müdafiəsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində çox önəmli tədbirlər həyata keçirilib. Hələ o zaman valideynlərini və qohumlarını itirmiş uşaqları cinayət mühitindən uzaqlaşdırmaq üçün Uşaqları Mühafizə Liqası uşaq məhkəmələrinin yaradılmasına çalışırdı.

Hicran Hüseynova deyib ki, Prezident İlham Əliyev uşaqlarla bağlı məsələyə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır. Eyni zamanda, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunmasına xüsusi dəstək verir. Azərbaycan hökuməti uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə iştirak edən bütün uşaqlara uğurlar arzulayıb. O uşaqlara müraciətlə deyib ki, 100 il bundan əvvəl nənə və babalarınız Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyublar. Beləliklə, onlar hər kəsin qayğısına qalan demokratik cəmiyyətin nəsillər üçün yarada biləcəyi möhkəm bir təməli təsdiq ediblər. Uşaqlar üçün imkanlar ildən-ilə genişləndirilir. Ölkədə demək olar ki, bütün uşaqlar ibtidai təhsilə cəlb edilib. Uşaqlarla bağlı səmərəli siyasət həyata keçirilir, qanunvericilik təkmilləşdirilir, uşaqların qorunması, onların inkişafı üçün müxtəlif tədbirlər görülüb. Azərbaycan parlamenti uşaqların şəraitinin yaxşılaşdırılması üçün təhsil, səhiyyə və digər sahələrdə vacib qanunvericilik aktları qəbul edib.

Fransız yazıçı-jurnalist, Azərbaycan haqqında bir sıra kitabların müəllifi Jan-Lui Quro çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini deyib. O bildirib ki, bu gün Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin apardıqları siyasət nəticəsində uşaqların müdafiəsi sahəsində uğurlu işlər həyata keçirilir. Azərbaycanın təhsilə və elmə dəstək verdiyini deyən fransız yazıçı ölkəmizin incəsənətə göstərdiyi diqqəti də sevindirici hal kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, səhiyyə komitəsinin sədr müavini Musa Quliyev uşaqları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən Bakı Oksford Məktəbinin şagirdi, beynəlxalq layihələrin iştirakçısı və beynəlxalq mükafatların qalibi Nəzrin Rüstəmzadə bu cür görüşlərin uşaqlar üçün fikirlərini ifadə etmək baxımından vacibliyini qeyd edib. Bildirib ki, belə görüşlər uşaqların öz hüquqlarının müdafiəsi ilə bağlı dövlət, hökumət və parlament nümayəndələri ilə müzakirələr aparmalarına, bu istiqamətdə daha çox məlumat almalarına kömək olur. Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində önəmli addımların atıldığını deyən Nəzrin Rüstəmzadə Milli Məclisin bu sahədə bir sıra sənədlər qəbul etdiyini qeyd edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi, şahmat üzrə ikiqat dünya və Avropa çempionu Günay Məmmədzadə bildirib ki, şahmatçılarımız qısa zaman ərzində dünyanın ən güclü şahmatçıları ilə bərabər səviyyədə yarışmağa, onlara qalib gəlməyə müvəffəq olublar. Şahmatdakı uğurlarımız həqiqətən də tarixi nailiyyətlərdir. Bütün bunlar təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasətinin nəticəsidir.

2014-cü və 2017-ci illərdə keçirilmiş Azərbaycan Uşaqlarının 3-cü və 4-cü Ümumrespublika forumlarının iştirakçısı Nigar Quliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirin əlamətdar bir vaxta təsadüf etdiyini deyib. O bildirib ki, bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə və xaricdə təntənə ilə qeyd edilir. “Mən fəxr edirəm ki, biz Şərqdə ilk demokratik respublika qurmuş, üçrəngli Azərbaycan bayrağını ilk dəfə müstəqillik zirvəsinə qaldırmış tarixi şəxsiyyətlərin nəvələriyik. Bugünkü xoşbəxt taleyimizə görə biz, ilk növbədə, o tarixi yaradanlara minnətdarıq. Mən bilirəm ki, Cümhuriyyətin ən mütərəqqi ideyalarından biri qadınlara geniş hüquqların verilməsi, onlara ailədə və cəmiyyətdə bərabər imkanların yaradılması ilə bağlıdır. Qadın hüquqlarına verilən dəyər isə həm də uşaqların hüquqlarının təmin olunması deməkdir. Çünki ailədə uşaqların tərbiyəsi və inkişafı ilə daha çox analarımız məşğul olur”, – deyə Nigar Quliyeva söyləyib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdi, Rusiyanın “ORT” kanalında keçirilən “Tı super” müsabiqəsinin qalibi Səməd Novruzov oxuduğu təhsil müəssisində şagirdlərin keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitdən danışıb. O, uşaqların qalibiyyətlərinin üzə çıxarılmasında, inkişaf etməsində dövlətin yaratdığı imkanları vurğulayıb.

Sonra uşaqların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Tədbirdə Bakı Oksford Məktəbinin şagirdi Nəzrin Rüstəmzadəyə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Günay Məmmədzadəyə, İstək liseyinin şagirdi, beynəlxalq olimpiadaların qalibi Ramil Babazadəyə, Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi, 2017-ci ildə Parisdə keçirilmiş “Ville de Gagny” pianoçuların III beynəlxalq müsabiqəsinin laureatı Şirin Əmiraslanovaya “Azərbaycanın gələcəyi” kuboku təqdim edilib. Bundan başqa, müxtəlif tədbirlərdə qalib gələn 80-ə yaxın uşağa diplomlar verilib.

Sonda uşaqların ifasında musiqilər səsləndirilib.

 

 

Orxan