Milli Məclisdə yeni qanunlar müzakirə olunacaq

parlament-Milli-Meclis

“Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” ilk və yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur. XALQ.AZ-ın xəbərinə görə, bu barədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı komitənin bu gün keçirilən iclasında deyib.

Komitə sədri qeyd edib ki, bu, sosial sifarişdir: “Artıq layihə üzərində işlər yekunlaşıb. Hazırda hökumətin qərarını gözləyirik”.

A.Naxçıvanlı eyni zamanda, komitənin 2016-cı il payız sessiyası dövründə görülən işlər barədə də məlumat verib. O qeyd edib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib: “Bu iclaslarda 4 məsələ, o cümlədən 4 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub. Eyni zamanda vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 283 vətəndaşın müraciəti daxil olub, həmin müraciətlərin 130-u tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Həmçinin komitə sədri tərəfindən Milli məclisdə 42 nəfər vətəndaş qəbul edilib”.

Komitəyə müraciət olunan şikayətlərə nəzər yetirdikdə görürük ki, problemlər yenə də eyni olaraq qalır: “Yenə də torpaq sahəsi istəmək, ev və ya uşaq problemləri, boşanma, eləcə də qadınlara  qarşı zorakılıq halları yenə də qalır.

Müzakirələrin sonunda payız sessiyası dövründə komitənin gördüyü işlər və bu ilin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.