Milli Onkologiya Mərkəzində görüş – VİDEO

XALQ.AZ xəbər verir ki, İyunun 1-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

Baronessa xanım Emma Nikolson və onu müşayiət edən şəxslər görüşdən əvvəl Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasını, şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrini gəzib, xəstələrin müalicəsi üçün istifadə edilən müasir avadanlıqlarla tanış olub, müalicə proseslərini izləyiblər.

Görüşdə akademik Cəmil Əliyev mərkəzin klinik-elmi fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib, ölkələrimiz arasında bir sıra strateji istiqamətlər, o cümlədən onkologiya sahəsində olan dinamik və intensiv əməkdaşlıqdan danışıb. O, İngiltərənin Hammersmit Kral Universiteti ilə Milli Onkologiya Mərkəzinin çoxillik əlaqələrinin ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlıqda böyük rol oynadığını və bu əlaqələrin hazırda uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. Akademik Cəmil Əliyev bu il mayın 25-də Milli Onkologiya Mərkəzi ilə Böyük Britaniyanın “Royal Liverpool University Hospital” və “University College London Hospital” arasında nüvə təbabəti sahəsində qarşılıqlı elmi-praktik əməkdaşlığa dair memorandum imzalandığını qonaqların diqqətinə çatdırıb. İmzalanma mərasimində iştirak edən Böyük Britaniya Nüvə Təbabəti Cəmiyyətinin sədri, professor Sobhan Vinjamurinin Azərbaycan onkoloqlarının uğurları və əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyi bildirilib. Qeyd olunub ki, razılaşmanın klinik və elmi tədqiqatlar, həmçinin kadr mübadiləsi sahəsində yeni perspektivlər açdığı gözlənilir.

Akademik Cəmil Əliyev Prezident İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Bildirilib ki, Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub.

Görüşdə akademik Cəmil Əliyev 1200 yerlik mərkəzin ən müasir dünya standartlarına malik tibbi avadanlıq və ləvazimatlarla təchiz olunduğunu, müalicə alan xəstələrin 35 faizinin onkoloji müalicə aldığını, qalan 65 faizinin isə diaqnostik məqsədlərlə müalicə olunduğunu bildirib. Baş direktor burada aparılan müalicələrin başlıca məqsədinin xəstələrin ömrünün uzadılması, mümkün olduğu təqdirdə tam sağalmasına yönəldiyini bildirib.

Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra vacib sahələrdə mövcud əməkdaşlığın səviyyəsindən razılığını ifadə edərək onun daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. O, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirib, burada onkoloji xəstəliklərin profilaktikası və müalicəsi sahəsində görülən işləri yüksək qiymətləndirib.

Görüşün sonunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səlahiyyətli səfiri Kerol Krofts iştirak edib. (AZƏRTAC)

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub-

 

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub-

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub-

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub-

 

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub-

 

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub-

Milli Onkologiya Mərkəzində Baronessa Emma Nikolson ilə görüş olub-

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir