Milli Ordusu olmayan dövlətlər (SİYAHI)

Ordu

Dünyanın bəzi ölkələri sülhsevər qonşularına arxalanaraq, yaxud qoşun saxlamağa imkanı olmadığı üçün Silahlı Qüvvələrə malik deyil. Adətən hərbi təhlükə zamanı belə dövlətlər beynəlxalq müqavilələr əsasında ayrı-ayrı qurumlar və hərbi bloklar tərəfindən qorunur.

XALQ.AZ daimi ordusu olmayan 10 dövlətin siyahısını təqdim edir.

  1. Nauru Respublikası. Sakit okeanın şərqində eyniadlı adada yerləşən Nauru dövləti 1968-ci ildən müstəqildir. 10 min nəfər əhalisi olan ada-dövlətinin sahəsi cəmin 21,3 kv.km-dir. Naurunun öz ordusu yoxdur. 1940-cı ildən bəri əldə olunan razılığa əsasən, Avstraliya Naurunun təhlükəsizliyini təmin edir. Ölkə daxilində asayişi isə azsaylı milli polis qüvvələri həyata keçirir.

  2. Lixtenşteyn Knyazlığı. 160 kvadrat kilometrlik cırtdan ölkə Avropanın mərkəzində İsveçrə və Avstriya arasında yerləşir. Lixtenşteynin daimi əhalisi 36 min nəfərdən çox olsa da, 1868-ci il etibarən silahlı qüvvələrdən könüllü imtina olunub. Eyni zamanda Lixtenşteynin təhlükəsizliyinə heç bir dövlət cavabdehlik daşımır. Əvəzində cırtdan knyazlıqda 120 polis işçisi çalışır.

  3. Marşal Adaları Respublikası. 181 kvadrat kilometr əraziyə və 53 min nəfər sakinə malik Marşal Adaları Respublikası da Sakit okeanda yerləşir. Ölkənin daimi ordusu olmasa da, Müstəqil Assosiasiya haqqında müqaviləyə əsasən, Amerika Birləşmiş Ştatları adanın təhlükəsizliyinə təminat verir. Bundan başqa, ada-dövlət Amerikanın icazəsi olmadan heç bir 3-ü dövlətlə hərbi əməkdaşlıq edə və öz ərazisində təlim keçirə bilməz.

  4. Qrenada. 1974-cü ildə Böyük Britaniya müstəmləkəsindən azad olan Qrenada Karib dənizində yerləşən kiçik ada dövlətidir. Ərazisi 344 kvadrat kilometr, əhalisi 89 min nəfər olan ölkə 1983-cü ildə Amerika əraziyə qoşun yeridənə qədər öz ordusuna malik idi. Lakin Amerikanın müdaxiləsindən sonra ordu buraxıldı. Hazırda Qrenada da daxili asayişi qoruyan 500 nəfərlik polis dəstəsi olsa da, xarici təcavüzə qarşı zamin rolunu Amerika oynayır.

  5. Andorra. Fransa və İspaniya arasında yerləşən Andorra knyazlığı 468 kvadrat kilometr əraziyə və 76 min vətəndaşa malik növbəti ordusuz dövlətdir. Cırtdan dövlətin polis istisna olmaqla heç bir silahlı qüvvəsi yoxdur. Beynəlxalq razılığa əsasən, ölkə Fransa, İspaniya və NATO tərəfindən mühafizə olunur.

  6. Palau. Filippin dənizində yerləşən və 328 adadan ibarət olan Palau dövlətində 21 min nəfər yaşayır. Öz ordusu olmayan Palau Marşal Adaları Respublikası kimi Müstəqil Assosiasiya haqqında müqaviləyə üzvdür və bu əsasda Amerika tərəfindən qorunur.

  7. Samoa. Sakit okeanın cənubunda yerləşən Samoa ada-dövləti də orduya malik deyil. Digər cırtdan dövlətlərdən fərqli olaraq ərazi və əhali baxımından daha geniş olan Samoa bununla belə, könüllü olaraq silahlı qüvvələrdən imtina edib. 2832 kv/ km əraziyə malik dövlətin 188 minlik əhalisini Yeni Zellandiya qoruyur. 1962-ci ildə iki tərəf arasında “Dostluq haqqında” müqaviləyə əsasən, Yeni Zellandiya Samoanın istənilən çağırışına yadım etməlidir.

  8. Kosta-Rika Respublikası. Mərkəzi Amerikanın ən kiçik dövlətlərindən sayılan Kosta-Rika 51 min kvadrat kilometr əraziyə malikdir. 4 milyon 200 min nəfərin yaşadığı dövlət orduya malik deyil. 1948-ci il dekabrın 1-dən ordu ləğv olunmuş vəziyyətdədir. 1947-ci ildə Qarşılıqlı Yardım haqqında müqaviləyə əsasən, Kosta-Rikanın təhlükəsizliyini ABŞ, Kuba, Çili və s. qitə dövlətləri icra edir. Son illər hərbi sahəyə diqqətini artıran Kosta-Rika təxminən 10 min nəfərlik hərbiləşdirilmiş dəstələrə də malikdir.

  9. Solomon Adaları. Sakit okeanın növbəti cırtdan təmsilçisi Solomon adaları da öz ordusuna malik olmayan dövlətlərdəndir. Ölkə 992 adadan və 515 min nəfər sakindən ibarətdir. 1998-ci ildə tayfalararası qarşıdurmaların baş qaldırdığı Solomon adaları öz daimi ordusu olmadığına görə qonşu dövlətlərdən yadım almışdı. Avstraliya, Yeni Zellandiya, Papua-Yeni Qvineya , Fici və Tonqa “Solomon adalarına regional yardım kampaniyası” çərçivəsində ölkənin daxili təhlükəsizliyin təmin edir.

  10. Kiribati. Sakit okeanda 812 kvadrat kilometrlik ərazidə yerləşən Kiribatinin əhalisi 103 min nəfərdən ibarətdir. Öz ordusu olmayan ölkənin təhlükəsizliyini Avstraliya və Yeni Zellandiya dövlətləri təmin edir. Daxili asayişi isə 152 nəfərdən ibarət Kiribati polisi nəzarətdə saxlayır.