Milli Qəhraman Çinqiz Mustafayev yad edildi

cinqiz

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür. Bununla əlaqədar yaxınları, ailə üzvləri, dostları, həmkarları, ANS-çilər və sadəcə onu tanıyanlar Şəhidlər Xiyabanında Çingiz Mustafayevin məzarını ziyarət edib.

Ziyarətçilər arasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, vitse-prezidentlər Seyfulla Mustafayev, Mir Şahin Ağayev, ANS Şirkətlər Qrupu prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov, ANS ŞQ-yə daxil olan qurumların əməkdaşları var idi. Milli Qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Xatırladaq ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.

Çingiz Mustafayev 1991-ci ildən Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayıb. Lakin mövcud senzuraya görə, “215 KL” studiyasını yaratmaq qərarına gəlib. 1992-ci ilə qədər Çingiz Mustafayev bütün döyüş bölgələrindən ən operativ xəbərləri Azərbaycan xalqına çatdırıb. Ölkədə onu müxtəlif reportajları ilə tanısalar da, dünya Çingizi daha çox Xocalıdan çəkdiyi kadrlarla tanıyıb. Çingiz Mustafayev 1992-ci il, iyunun 15-də, Əsgəran rayonunun Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub.

Çingiz son nəfəsinə qədər kamerasını söndürməyib və beləliklə də ölməzlik zirvəsini fəth etmiş olub. Ölümündən sonra, 1993-cü ildə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Allah rəhmət eləsin!

45464748