Milli Şura 200 manat pul paylayırdı

af

“Milli Şura”nın mitinqinə pulu Köçəri Nağıbəyli paylayırdı

“Avtobusla adam gətirməyimə görə, hər kəs kimi mənə də 200 manat pul vermişdilər”

“EL” hərəkatının sədri Əflan İbrahimovun SəsTV-yə müsahibəsi

  • Əflan müəllim, siz “Milli Şura”nın təxribat törədəcəyi ilə bağlı prokurorluğa müraciət etmisiniz. Bununla bağlı son durum nə yerdədir?

  • Mən Respublika Prokurorluğuna müraciət etməmişəm. Prokurorluq bəyanatımdan sonra mənə müraciət edib və etdiyim bəyanatla bağlı faktın olub-olmamasını soruşublar. Mən də faktın olmasını təsdiqləmişəm. Bildirmişəm ki, Erdar Namazov, Əli Kərimli və İsa Qəmbər gizli iclasda mənə müraciət etdilər ki, sənin qüvvən var və sən bizə yardım etməlisən. Maraqlananda ki, bu köməyi kim maliyyələşdirəcək, mənə cavab olaraq dedilər “Soros” Fondu. Bildirdilər ki, “Soros” Fondu özünü Azərbaycanda fəaliyyətini dayandırmış göstərsə də bu sadəcə “gözdən pərdə salmaq” xarakteri daşıyır. Belə ki, sözü gedən fond gizlində öz çirkin əməllərini törətməyə davam etdirir. Şuranın namizədi təsdiqlənmədiyi təqdirdə küçələrdə iğtişaş törədəcəklərini, mağazaları yandıracaqlarını və bütün bunların isə “Soros” Fondu tərəfindən maliyyələşəcəyini bildirdilər. Mən isə Qarabağ veteranı və bir vətəndaş kimi bütün bunları qəbul edə bilməzdim. Mən də öz borcumu yerinə yetirdim və “Milli Şura”nın “planın”ı ifşa etdim. Bu söhbət mənimlə Eldar Namazov arasında olub. Budan sonra isə, avqust ayının 22-də bəyanat verərək Eldar Namazovun idarə etdiyi “EL” Hərəkatından və oradakı vəzifəmdən istefa verdim. Onu qeyd edim ki, qurumdakılar gah Eldar Namazovun, gah Cəmil Həsənlinin namizədliyini irəli sürdülər, bu isə o demək idi ki, Xalq Cəbhəsi Partiyasının namizədi yeniləndirilir. Belə ki, Cəmil Həsənli 20 ildən artıq Əli Kərimlinin müavini olub. Mən isə onun arxasınca gedə bilmərəm.

  • “Milli Şura”nın 18 iyul mitinqində hər kəsə pul paylanması ilə bağlı söz-söhbət gəzir. Buna münasibətinizi bildirərdiniz.

  • “Milli Şura”nın 18 iyuldakı mitinqində iştirak etməyimə görə və ora avtobusla adam gətirməyimə görə, hər kəs kimi mənə də 200 manat pul vermişdilər. Pulu isə Köçəri Nağıbəyli paylayırdı, mənə də pulu şəxsən özü verib. Hələ yenə də verəcəklərini söz vermişdilər. K.Nağıbəyli digər mətbuat orqanlarında verdiyi məlumata əsasən, mitinq bitdikdən sonra mənə 100 manat pulu su almağa verdiyini bildirib. Mitinq bitəndən sonra suyu kimlər üçün almaq lazım idi və yaxud 100 manatlıq suyu kimə içirəcəkdilər? Bu su pulu yox, məhz mitinqin təşkili üçün verilən pul idi.

  • Əflan müəllim, təxribat törətmək, iğtişaş yaratmaq istəkləri ilə bağlı konkret bir addımlarını açıqlamışdılarmı?

  • Bəli, bu əsasən mağazaları yandırmaq, təkər satışı olan yerlərdə təkərlərə od vuraraq küçələrə buraxmaq və Milli Məclisin, Prezidentin İqamətgahı və DİN-nin qarşısında hərənin bir komandası olmalı idi. Onlar həmin dövlət strukturlarına hücum etməyi planlaşdırırdılar. Eyni zamanda qeyd edilirdi ki, bölgələrdə kütləvi iğtişaşların yaranması və hətta bu iğtişaşların “Suriya variantının” tətbiqi düşünülürdü.

  • Köçəri Nağıbəyli mitinqdə pulun müqabilində iştirak edən “Milli Şura” üzvlərinin siyahısının onda olduğunu və bu siyahıda İsa Qəmbərin, Eldar Namazovun və digərlərinin adlarının olduğunu bildirib. “Milli Şura”nı bunun mətbuata açıqlayacağı ilə hədələyib. Buna münasibətinizi necədir?

  • Nə demək olar, onlar özləri özlərini ifşa edir. Ötən gün Lalə Şövkət qurumu tərk etdi və bu gedişlə qurumda heç kəs qalmayacaq. Belə ki, ardınca Mirmahmud Mirəlioğlu, Rəsul Quliyev və Gültəkin Hacibəylinin qurumdan getməsi gözlənilir.
    Orada ciddi parçalanma gedir və bu onların süqutu və çöküşüdür. Bütün qalmaqallar və qığılcımlar Əli Kərimlinin başının altından çıxır. O “Milli Şura”da baş verən hadisələrin katalizatoru rolunu oynayır və “Milli Şura” bu gün cəbhənin (AXCP) restavrasiya olunmuş formasıdır. Ümumilikdə İsa Qəmbər bir siyasətçi kimi yox oldu. Belə ki, Rüstəm İbrahimbəyov onu və digərlərini sanki bir şampan butulkasına məhkum edərək, Sakit okeandakı Marian çökəkliyinə atdı. İsa Qəmbər “Milli Şura”ya daxil olmasaydı, ən azından ana müxalifət olaraq qala bilərdi. Deməli İsa Qəmbərin ən böyük səhvi “Milli Şura”ya daxil olub, öz yerini Cəmil Həsənliyə güzəştə getməsi oldu. Əli Kərimli ilə düşmən ola-ola onun müavininin namizədliyini nə üçün qəbul edir? Çünki, Əli Kərimli İsa Qəmbəri aldadıb.

  • Ümumilikdə “Milli Şura” üzvləri arasında bu qalmaqallar və bir-birlərini ittiham etmələr, hədə-qorxu gəlmələr nə üçündür?

  • “Milli Şura” üzvləri arasındakı mübahisənin əsas səbəbi puldur. Onlar verilən seçki vərəqələrini belə pul ilə ölçürlər.

Ülkər Musazadə


“Milli Şura”nın 18 iyuldakı mitinqində iştirak etməyimə və oraya avtobusla adam gətirməyimə görə hər kəs kimi mənə də 200 manat pul vermişdilər”. SƏS TV-yə müsahibəsində “El” hərəkatının lideri Əflan İbrahimov belə deyib. Onun sözlərinə görə, mitinqə gələnlərə pulu Köçəri Nağıbəyli paylayırdı.

“Milli Şura”nın ölkədə iğtişaşlar yaradacağı ilə bağlı Respublika Prokurorluğuna müraciət etmədiyini söyləyən Əflan İbrahimov bildirib ki, sözügedən mövzu ilə bağlı bəyanatından sonra prokurorluq ona müraciət edib və onda bununla bağlı faktın olub-olmaması soruşulub: “Mən isə yetərli qədər faktın olduğunu söylədim”.

Əflan İbrahimov “Milli Şura” tərəfindən ölkədə törədilməsi planlaşdırılan iğtişaşların “Soros” Fondu tərəfindən maliyyələşəcəyini də vurğulayıb.

Onun sözlərinə görə, “Milli Şura”da ciddi parçalanma gedir və bu onların süqutu və çöküşü kimi qiymətləndirilir: “Son vaxtlar “Milli Şura”nın sıralarını tərk edənlərin sayı çoxalıb. Eyni zamanda bütün qalmaqallar və “qığılcımlar” Əli Kərimlinin başının altından çıxır və o, “Milli Şura”da katalizator rolunu oynayır. “Milli Şura” Xalq Cəbhəsi Partiyasının restavrasiya olunmuş formasıdır”.