Milli Şura adlı qondarma qurum dağıldı

milli sura

Milli Şuranın bu dəqiqələrdə keçirilən iclasında “El” Hərəkatı üzvlərinin iştirak etməməsi diqqət çəkib. Daxil olan məlumata görə, “El”in sessiyaya qatılmaması Cəmil Həsənlinin dünən keçirdiyi görüşdə fikir ayrılıqlarının yaranması ilə bağlı olub.

Milli Şuradakı mənbənin dediyinə görə, dünənki iclasda Əli Kərimlinin geniş çıxışı, müəyyən vəzifə bölgülərini aparması “El”çilərin ürəyincə olmayıb. Elə buna görə də, iclasdan dərhal sonra “El”in bu günə toplantısı təyin edilib. Əlbəttə ki, bu iclasın məhz Milli Şuranın sessiyası vaxtına salınması ciddi mətləblərdən xəbər verir.

Məsələ ilə bağlı danışan “El” Hərəkatın sədr müavini, politoloq Zəfər Quliyev Milli Şuranın sessiyasına qatılmamağı sadəcə “El”in toplantısının çağrılması ilə əlaqələndirib: ““El” hərəkatı yaranmış vəziyyətlə bağlı məsləhətləşməyə ehtiyac duydu. Hazırda məsləhətləşmə üçün yığışmışıq. Eldar Namazov da bizimlədir”.

Toplantını niyə məhz Milli Şuranın sessiyası ilə eyni vaxta salınması sualına isə belə cavab verib: “Toplantımız bitməyənə qədər bu barədə heç bir açıqlama verməyəcəyik”.

Qeyd edək ki, Milli Şuranın iclasında Liberal Partiyası da iştirak etmir. Partiyanın sədri Əvəz Temirxan bunu təsdiqləsə də, səbəbləri barədə hələlik danışmaq istəmədiyini deyib.