Milli Şura şəxsi ambisiyalara xidmət edir

 

vuqar

Xalq.az YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin SİA-ya müsahibəsini təqdim edir.

  • Vüqar müəllim, artıq “Milli Şura” üzvləri özləri də etiraf edirlər ki, qurumda özbaşınalıq, siyasi böhran, gərginlik və s baş qaldırıb. Bu da təbii ki, onun iflasını, parçalanmasını sürətləndirir. Siz necə düşünürsünüz, seçkilər ərəfəsində adı çəkilən bu qurum daha hansı olmayan gücü ilə fəaliyyət göstərəcək?

  • Hər bir seçki prosesində olduğu kimi, bu il keçiriləcək prezident seçkiləri ərəfəsində də müxalif düşərgədə cərəyan edən proseslər bu reallığı bir daha ortaya qoyur ki, dağıdıcı ünsürlərin vahid mövqe nümayiş etdirmək bacarıqları sıfıra bərabərdir. Baxmayaraq ki, ictimai diqqəti yayındırmaq üçün silsilə halında, eyni tərkibdə, amma müxtəlif adlar altında “birliklər” yaradıb, “səmimiyyətləri” barədə görüntü yaratmağa cəhd göstərirlər, amma çox keçməmiş həmin qurumlar arxivdə yer alırlar. Necə ki, “Milli Şura”nı yaradanda onu müxalifətin “20 ildə ən böyük birliyi” kimi ictimai fikrə təqdim edib, hətta bu “təşəbbüsün” xarici deyil, sosial sifariş olduğunu qeyd edərək, xalqın onlara dəstəyinin böyüklüyündən bəhs etdilər. Amma bir məqamı unutdular ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Əbəs yerə deyilmir ki, zaman və tarix insanları və onların fəaliyyətini qiymətləndirmək baxımından yaddaşdır.

“Milli Şura”çıların 18 avqust mitinqi, eyni zamanda onun ardınca keçirdikləri sessiya qurum daxilində mövcud duruma işıq saldı. Prezident seçkilərində ehtiyat namizədlə iştirak barədə qəbul olunan qərardan sonra yaşanan durum “qurbağa gölünə daşın atılmasından” sonra yaranan vəziyyəti xatırlatdı. “Milli Şura”nın “əsas qəhrəmanları” qurumun təsis olunduğu vaxtdan saxta birlik görüntusü yaratmaq məcburiyyətlərini büruzə verməklə xarici himayədarlarından aldıqları göstərişə uyğun olaraq sifarişli proseslərin sonrakı gedişi barədə aydın təsəvvür yaratdılar. “Milli Şura” yarandığı gündən arxivin astanasında olsa da, dağıdıcılar ona müxtəlif vasitələrlə nəfəs verməyə çalışdılar. Gah ictimai diqqəti qeyri-səmimiliklərindən yayındırmaq üçün xarici ölkələrə səfərlərini gündəmdə saxlayır, gah da müxtəlif tərkibdə görüşlər keçirməyə səy göstərirlər. Ehtiyat namizədin müəyyənləşdirilməsi məsələsinin ətrafında yaranan ajiotaj, qalmaqal bu ünsürlərin səmimiyyətinin görüntü olduğunu təsdiqlədi. Sualınızın ümumiləşdirilmiş şəkildə cavabı budur ki, heç bir sosial dayağı, nüfuzu olmayan, xarici dairələrin diktəsi əsasında yaradılan bir qurumun seçkilərdə qələbədən danışması xülyadan başqa bir şey deyil. “Ac toyuq yuxuda darı görən kimi” dağıdıcılar da illərlə özlərini hakimiyyət kürsüsündə təsəvvür edib, aralarında vəzifə bölgüsü aparmaqla siyasi savadsızlıqlarını, zəifliklərini nümayiş etdirirlər. Bu zəifliyin, gücsüzlüyün nəticəsidir ki, özlərində cəsarət tapıb reallığı etiraf edə bilmirlər. Gerçəklik isə budur ki, xalq bu ünsürlərə dəstək olmadıqlarını onlara siyasi meydanın küncünü göstərməklə təsdiqləyir.

  • Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev okeanın o tayından Müsavat Partiyasının başqanı İsa Qəmbərin ünvanına təhqiramiz ifadələr səsləndirib. R.Quliyev deyib ki, Rüstəm İbrahimbəyov vahid namizəd olmayacağı təqdirdə nə İ.Qəmbər, nə də digər başqa birisi namizəd ola bilməz. Beləcə, R.Quliyev özünün vahid namizəd olacağını deyib və hər kəsin də onun ətrafında birləşməsini labüd hesab edir. Bunu necə qiymətləndirirsiniz?

  • Dağıdıcıların iddiaları ilə sosial bazalarının, nüfuzlarının tərs mütənasiblik təşkil etməsi istər bu günə qədər ölkədə keçirilən seçki proseslərindən, istərsə də təşkil etdikləri aksiyalardan aydın görünür. “Mənəm-mənəm” deməklə nə sosial dayaq toplamaq olar, nə də nüfuz qazanmaq. Müxaliflərin fəaliyyəti ancaq və ancaq ölkənin əleyhinə təbliğat aparmaqdan, xarici dairələrin əlində oyuncağa çevrilməkdən ibarətdir. Sual olunur- ACP-nın lideri R.Quliyevi R.İbrahimbəyovun namizədliyini dəstəkləməyə nə sövq edir? Təbii ki, hər ikisində oxşar cəhətlərin mövcud olması. Ermənilərlə və ermənipərəst qüvvələrlə işbirliyi sahəsində xüsusi püxtələşmiş bu iki şəxsin bir-birinə “dəstək”ləri ictimaiyyətdə artıq təəccüb doğurmur. Tez-tez ABŞ-da ermənipərəst konqresmenlərlə birgə görüşlər keçirib onlardan təlimatlar alan R.Quliyev və R.İbrahmbəyovun ölkə daxilində dəstəkdən danışmağa haqqı varmı? Özlərini prezidentliyə “şanslı namizəd” hesab edənlər yaxşı olar ki, qaranlıq keçmişlərini xatırlasınlar.

  • Yeni Azərbaycan Partiyası seçkilərə necə hazırlaşır? Partiya seçkilərdə hansı texnologiyaları tətbiq edəcək?

  • Yeni Azərbaycan Partiyasının zəngin seçki təcrübəsi mövcuddur. Partiya bu günə qədər ölkədə keçirilən seçkilərdə topladığı təcrübəni daim təkmilləşdirməklə qələbəsini təmin etməyə çalışır. Bu prinsip partiyanın fəaliyyətində öndə dayanır ki, seçkilərə yüksək səviyyədə hazırlıq qələbə üçün əsasdır. 600 mindən artıq üzvü öz sıralarında birləşdirən partiyanın seçki fəallığı yüksək səviyyədədir. YAP seçkinin ilkin mərhələsi olan namizədin irəli sürülməsi və imza toplama mərhələsini uğurla başa vurdu. Partiya təbliğat və təşviqat kampaniyasına hazırlaşır. YAP fəaliyyətini demokratiyanın şərtlərinə və Seçki Məcəlləsinin tələblərinə uyğun quraraq seçki təcrübəsinin və mexanizminin təkmilləşdirilməsinə səy göstərir. Partiyanın yarandığı gündən siyasi xəttinə, mövqeyinə sadiqlik nümayiş etdirməsi cəmiyyətdə nüfuzunu, siyasi çəkisini günbəgün artırır.

  • Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının orta hesabla 10 faiz artırılması haqda sərəncamlar imzaladı. Bu barədə fikirlərinizi bilmək istərdik…

  • Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bəyan edir ki, iqtisadi təşəbbüslər xalqın rifah halının yaxşılaşdırılmasına yönəlib. O da bildirilir ki, iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır. Atılan addımlar bu reallığı təsdiqləyir ki, həyata keçirilən siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır. Pensiyaların, əmək haqlarının mütəmadi artması, aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından bəhrələnməsi də deyilənlərin təsdiqidir. Məlum olduğu kimi, ötən il dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında sovet dövründən qalmış əmanətlərin qaytarılması üçün ölkə əhalisinə kompensasiya verilməsi prosesi həyata keçirildi. Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir. Bu gün Azərbaycanın özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də bu istiqamətdə aparılan uğurlu siyasətə əsaslanır. “Bir neçə il bundan əvvəl qarşıya qoymuşdum ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın” deyən dövlət başçısı İlham Əliyev son illərdə yoxsulluq şəraitində yaşayan insanların sayının beş dəfə azalmasını bu məqsədə çatmaq istiqamətində atılan addımların uğurlu nəticəsi kimi qeyd edir. Hazırda yoxsulluğun səviyyəsi 6, işsizliyin səviyyəsi isə 5,2 faizdir. Azərbaycan o ölkələrdəndir ki, öz maddi imkanları, maliyyə mənbələri, daxili potensialı, sərvətləri hesabına yaşayır, heç bir yerdən yardım almır. Bəzi maliyyə qurumları ölkəmizə ayırdıqları kreditlərin həcmini azaldarkən, yaxud birdəfəlik dayandırarkən bu amili önə çəkirlər ki, Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları hər bir layihəni təkbaşına həll etməyə imkan verir. Bu inam da ifadə edilir ki, ölkəmizin hazırkı inkişaf tempi davam edərsə, çox qısa zamanda yoxsulluq səviyyəsi heçə enəcək. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet məsələ kimi önə çəkərək bildirmişdir ki, əmək haqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Bu əminliyin yaranmasına səbəb isə düşünülmüş siyasətin dəqiq parametrlər üzrə düzgün istiqamətlənməsi s. ölkəmizin iqtisadi və maliyyə imkanlarının günbəgün genişlənməsidir. Bircə faktı qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan böyük həcmdə maliyyə vəsaiti tələb edən layihəni öz imkanları hesabına həyata keçirmək imkanındadır. Azərbaycan artıq investisiya alan olkədən başqa dövlətlərə sərmayə yatıran respublika kimi də diqqəti cəlb edir. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Bu uğurlar eyni zamanda belə bir həqiqəti təsdiqləyir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadiyyatın aynası olan dövlət büdcəmizin son 10 ildə 20 dəfədən çox artması da ölkəmizin hazırkı inkişafının göstəricisidir. 2003-cü ilin dövlət büdcəsinin cəmi 1,2 milyard dollar olduğunu yada salsaq, bu gün həmin rəqəmin 25 milyard dollara çatması onu göstərir ki, son 10 ildə bu istiqamətdə xeyli işlər görülüb. Büdcənin artımı infrastruktur layihələrinin icrasını, həmçinin sosial məsələlərin həllini daha da sürətləndirir. Azərbaycanın insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülməsi və «orta insan inkişafı» ölkələri qrupundan «yüksək insan inkişafı» qrupuna keçməsi də uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi imkanlar olmasa, heç bir sosial məsələ həll oluna bilməz. Ümumdünya İqtisadi Forumunun Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyatını yüksək dəyərləndirərək ölkəmizi dinamik inkişafda olan dövlət kimi tanıması gələcək uğurlar üçün təməl olmaqla inkişafın Azərbaycan modelinin təbliği üçün də imkanları artırır.