Minarə uçurtmaq Gürcüstana yaraşmır

qanira1

Gürcüstanda daha bir məscidin minarəsinin sökülməsi bizi çox ciddi şəkildə narahat edən məsələdir”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva deyib.

Q.Paşayeva bu hadisədən təəssüfləndiyini bildirib: “Avropa dəyərlərinə inteqrasiya yolunu tutmuş Gürcüstana belə hadisələr yaraşmır. Bu ölkə üçün dini inanc azadlığı və tolerantlığın yüksək səviyyədə olması çox önəmlidir. Hesab edirəm ki, burada təxribat xarakterli addımlar var. Bunlar Gürcüstan-Azərbaycan münasibətlərinə mənfi təsir göstərən hadisələrdir. Bu hadisələr dayandırmalıdır. Hər bir məsələ qanuni yolla həll edilə bilər”.

Q.Paşayeva bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar, müsəlmanlar qanunsuz addım atmaq istəmirlər: “Onlar dini inanclarını yerinə yetirmək üçün qanunlara riayət etmək istəyirlər. Heç kim qanunsuzluq etmək istəmir. Minarə uçurtmaq, dağıtmaq, bu kimi hadisələr çox mənfidir. Bu, Gürcüstanda yaşayan azərbaycanlıların dini həssasiyyətlərinə toxunmaqla yanaşı, Gürcüstan-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərir”.

Millət vəkili vurğulayıb ki, bəzi qüvvələr bu kimi hadisələrdə maraqlıdır: “Onlar istəyirlər ki, bununla Gürcüstan-Azərbaycan münasibətlərində hansısa bir gərginlik yaransın”.

Q.Paşayevanın sözlərinə görə, hadisə ilə əlaqədar Gürcüstan-Azərbaycan Parlamentlərarası dostluq qrupu adından etiraz məktubu yazılıb və bu gün məktub Gürcüstanın müvafiq dairələrinə göndəriləcək: “Bu məktubda da xaiş edəcəyik ki, onlar da bu məsələlərin həllində öz aktivliklərini daha da artırsınlar”.

Millət vəkili bildirib ki, məsələ ilə əlaqədar Gürcüstanın bəzi aidiyyatı qurumlarının rəhbərləri ilə telefonla danışıb və müzakirələr aparıb.

“İnanıram ki, bu kimi addımlar dayandırılacaq. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə də bu istiqamətdə addımlar atıb və bu məsələ gündəmdədir. Biz inanırıq ki, Gürcüstanın aidiyyatı qurumları anlayacaqlar ki, kimlərsə tərəfindən atılan bu cür addımlar iki ölkə üçün müsbət heç nə vəd etmir. Bizim münasibətlər dost münasibətləridir. Bu gün Gürcüstanla Azərbaycan arasında çox böyük dostluq qrupu formalaşıb”, – deyə Q.Paşayeva sözlərinə əlavə edib.