Mingəçevirin təhsil sisteminin “uğurları”

01

 

 

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsinin əməkdaşları Mingəçevir şəhərinin təhsil müəssisələrində reydlərə başlayıb. Yoxlamalar zamanı ortaya çıxan məqamlar heç də ürəkaçan olmayıb.

Xalq.az  xəbər verir ki, “Təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların qidalanması üzrə dövlət standartı”nın tətbiqi vəziyyətini öyrənmək məqsədilə nəzarət yoxlamaları ilk öncə Mingəçevir şəhər 5 saylı “Arzu” uşaq bağcasında, 12 saylı sanatoriya tipli “Şəfa” uşaq müəssisəsində və 2 saylı orta məktəbdə aparılıb. Araşdırma zamanı bir çox neqativ faktlar üzə çıxıb.

Komitə əməkdaşları tərəfindən hər iki məktəbəqədər tərbiyə müəssisəsində sanitar norma və qaydaların pozuntusu, mətbəxdə qida keyfiyyətinə qoyulan tələblərdən kənar məhsulların istifadəsi, məhsulların saxlanma şəraitinin uyğunsuzluğu müşahidə olunub.
Araşdırma zamanı uşaq bağçalarında qidalanma ilə bağlı milli standartın tələblərinə riayət olunmadığı məlum olub.

Uşaqların gündəlik qidalanması üçün tələb olunan menyunun tərtib edilmədiyi, mətbəxdə, eləcə məhsulların saxlanıldığı anbarda sanitar qaydalara əməl olunmadığı, məhsulların saxlanılmasında qonşuluq prinsipinin pozulduğu faktı aşkarlanıb.

Komitə əməkdaşları uşaqların sayı ilə qida məhsullarının qeydiyyatı jurnalındakı rəqəmlər arasında uyğunsuzluq aşkar ediblər. Hər iki bağçada uşaqlara yeməyin yataq otağında verildiyi aşkar edilib ki, bu da norma və tələblərə uyğun deyil. Ərzaq məhsullarının mənşəyinin məlum olmadığı aşkar edilib, onların haradan və necə əldə etdilməsi barədə heç bir sənəd təqdim edilməyib.

Araşdırma zamanı uşaqlara xidmət göstərən işçilərin lazımı geyim formasından istifadə etmədiyi məlum olub. Eyni zamanda uşaq bağçalarında istilik sisteminin və isti suyun olmaması, kortəbii şəkildə çəkilən elektrik naqillərinin üstü açıq vəziyyətdə istifadə edilməsi və ən əsası isə bağça binalarının qəzalı vəziyyətdə olması da gözdən qaçmayıb.

Aşkar edilən nöqsanlarla bağlı hər iki uşaq bağçası haqqında iradnamə yazılıb, nöqsanların aradan qaldırılması və “Təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların qidalanması üzrə dövlət standartı”nın tətbiqi üçün onlara vaxt verilib və müəssisələrə xəbərdarlıq edilib.

Komitə əməkdaşları Mingəçevir şəhər 2 saylı orta məktəbin qarşısında kustar üsulla hazırlanan köşkdə şagirdlərə milli standartın tələblərinə uyğun olmayan malların satıldığı aşkar edib. Yoxlama zamanı orada siqaret, saqqız, turşu və xırdavat mallarının, eləcə də mənşəyi məlum olmayan şirniyyat məhsullarının bir yerdə satılıb.

Uşaqların qidalanması üzrə dövlət standartının tətbiqi vəziyyətinin öyrənilməsi üçün uşaq bağçalarında və orta məktəblərin bufetlərində yoxlamalar davam etdiriləcək.

Məlumat üçün bildirək ki, “Təhsil müəssisələrində təlim- tərbiyə alanların qidalanması üzrə dövlət standartı” bu ilin sentyabr ayından etibarən tətbiq olunur.