MOK ilə jurnalistlər arasındakı müsabiqə yekunlaşıb

 

27

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında “Milli Olimpiya Komitəsi ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda müsabiqənin yekunu ilə bağlı tədbir keçirilib.

AZADİNFORM  xəbər verir ki, tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, müsabiqədə 2 məqsəd mövcuddur: “İlk olaraq Milli Olimpiya Komitəsi Azərbaycanda idmanın inkişafı ilə məşğul olur. Azərbaycanda idmanın inkişafı uğurla davam edir. Belə görüşlərə ehtiyac var. Bu gün biz bu müsabiqəni yekunlaşdırıb, qalibləri mükafatlar ilə təltif edəcəyik”.

Daha sonra Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli 22 may 2013-cü ildə bu müsabiqəni elan olunduğunu qeyd edib: “Müsabiqəyə 27 yazı daxil olub. Yazılar kodlaşdırılaraq ekspertlərə təqdim olunub. Yazılar ekspertlər tərəfindən də gizli qalıb”.

Daha sonra V.Səfərli tədbirdə iştirak etmiş ekspertlərin, qəzet və müxtəlif informasiya agentliklərinin baş redaktorlarının, idman redaktorlarının adlarını çəkib.

“Tədbirə böyük önəm veririk. Fondun elan etdiyi tədbirləri yüksək səviyyədə qiymətləndiririk”. Bu sözləri tədbirdə çıxışında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib: “Azərbaycan jurnalistikasında sahələr də inkişaf edib. Bu sahələrdən də biri idman jurnalistikasıdır. Azərbaycanda 20-yə yaxın ayrı-ayrı idman jurnalları fəaliyyət göstərir. İdman yazarları daha çox öz milli maraqlarını önə çəkməlidir”.

Daha sonra MOK-un vitse-prezidenti Xəzər İsayev çıxışında vurğulayıb ki, mərkəzləşdirilmiş şəkildə plan qurulmalı və bu şəkildə də ictimaiyyətə təqdim edilməlidir: “Mərkəzləşdirilmiş qaydada olsa bütün nöqsanları aradan qaldırmaq mümkün olar. İdman tədbirlərində geniş addımlar atmaq lazımdır”.

Qeyd edək ki, tədbirin sonunda qaliblərə pul mükafatları və diplomlar təqdim edilib.


Comments are closed.