MTN əməkdaşları mükafatlandırdı

eldar mahm

Milli təhlükəsizlik naziri Eldar Mahmudov beynəlxalq yarışlarda və turnirlərdə qələbə qazanmış Milli Təhlükəsizlik Nazirliyinin (MTN) “Titan” idman klubunun üzvləri ilə görüşüb.

Xalq.az ANS PRESS-ə istinadən xəbər verir ki, görüşdə çıxış edən E. Mahmudov idmançıların əldə etdikləri uğurların ümumilikdə prezident İlham Əliyevin Azərbaycanın inkişafı naminə həyata keçirdiyi strategiyanın tərkib hissəsi olan idman və gənclər siyasətinin parlaq nümunəsi olduğunu bildirib.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. 2013-cü ildə dünya və Avropa çempionatlarında, habelə güc strukturları arasında beynəlxalq oyunlarda yüksək yerlərə layiq görüldüklərinə, Azərbaycanın idman uğurlarına verdikləri töhfələrə, həmçinin şəxsi heyətin idman hazırlığındakı səylərinə görə bir qrup əməkdaş və məşqçinin təltif edilmələri barədə MTN-nin əmri elan olunub. Nazir Eldar Mahmudov MTN-in “Titan” İdman Klubunun üzvlərinə fəxri fərmanları təqdim edib.
Qeyd edək ki, respublikamızın müxtəlif dövlət qurumlarında, güc strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində də əməkdaşların döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, fiziki sağlamlıqlarının qorunmasına və möhkəmləndirilməsinə, idmanla mütəmadi məşğul olmalarına xüsusi önəm verilir. Bu məqsədlə Milli Təhlükəsizlik Nazirliyində ən müasir imkanlara malik İdman və Sağlamlıq Mərkəzi yaradılıb. İdman və Sağlamlıq Mərkəzində mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar və turnirlər keçirilir. Mərkəzdə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor zalları, məşqçi və təlimatçı, həkim, soyunub-geyinmə otaqları və duşxanalar var. Ən qabaqcıl standartlara cavab verən texniki ləvazimat və avadanlıqlarla təmin edilən mərkəzdə MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin, eləcə də nazirliyin əməkdaşlarının idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün hər cür şərait yaradılıb. Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi Azərbaycanın güclənməsinə xidmət edəcək səriştəli və sağlam gənc kadrların yetişdirilməsi məqsədi daşıyır.


Comments are closed.