Müəllimlər üçün seminar keçiriləcək

muellim imtahan

 

Paytaxtda Müəllimlər üçün II Sosial Media Seminarı keçiriləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsindən XALQ.AZ-a verilən xəbərə görə, səbail və Pirallahı rayonlarındakı ümumi təhsil müəssisələrinin internet resurslarına məsul əməkdaşları üçün təşkil olunmuş seminar Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Seminarın keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliğ edilməsi, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, o cümlədən məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsindən ibarətdir.

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilmiş seminarda sözügedən rayonlar üzrə hər məktəbdən internet resurslarını idarə edən (məktəb saytı, sosial şəbəkədəki səhifə) şəxslərə sosial mediadan daha fəal istifadə ilə bağlı təlim keçiriləcək. Beləliklə, sosial mediada səhifəsi olan məktəblər bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdirəcək, müvafiq səhifəsi olmayan təhsil müəssisələri üçün isə yeni səhifələr yaradılacaq.

Təlimin sonunda iştirakçılar Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir