Mübariz Qurbanlı Osman Nuri Topbaşla görüşüb

XALQ.AZ xəbər verir  ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı mayın 7-də Türkiyənin Əziz Mahmud Hudayi Vəqfinin fəxri sədri Osman Nuri Topbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları yenidən ölkəmizdə salamlamaqdan məmnunluq hissi keçirdiyini bildirən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı onları Azərbaycanın nümunəvi dövlət-din modelinin əsasları barədə məlumatlandırıb. Bildirib ki, bünövrəsi Ulu Öndər Heydər Əliyevə məxsus olan bu model bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mübariz Qurbanlı yaxın zaman kəsiyində dövlət başçısı tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsinin, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının islami, milli-mənəvi dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri ölkədə mövcud dini konfessiyaların dəstəklənməsinin, mənəvi dəyərlərin qorunması və inkişafının, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinin təmin edilməsi məqsədilə yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə din xadimlərinə maddi dəstək verildiyini də vurğulayıb.

Məscidlərin yalnız ibadət deyil elm, irfan mərkəzi olduğunu deyən Mübariz Qurbanlı dindarlar arasında və cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, dünyəvi dövlətin əsaslarının düzgün təbliğ edilməsi üçün ixtisaslı kadrların hazırlanması baxımından İlahiyyat İnstitutunun yaradılmasını önəmli addım adlandırıb.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də qonaqları məlumatlandıran Mübariz Qurbanlı DQİDK-nın xüsusi diqqət yetirdiyi dini radikalizmə və xurafata qarşı mübarizədə Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən O.N.Topbaş Bakıya sonuncu səfərindən sonra paytaxtımızın daha da gözəlləşdiyini, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda bütün sahələrdə sürətli inkişafın, tərəqqinin şahidi olduğunu deyib. O, eyni zamanda Azərbaycanda dinə, din xadimlərinə olan xüsusi diqqət və qayğıdan məmnun olduğunu vurğulayıb. Ötən il ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli” çərçivəsində İslamın sabitlik və sülh kimi ideyalarının təbliğ edilməsinin vacibliyindən danışıb.
Görüşdə dini sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.

 

 

Elgün