MÜDRİKLİK ZİRVƏSİ-ƏLİ İLDIRIMOĞLU

 

eli

 

Bü gün  görkəmli ədəbiyyat və mətbuat xadimi, “Şöhrət” ordenli yazıçı Əli İldırımoğlunun yubileyidir.

Əli İldırımoğlu 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olmuşdur. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanmışdı. VIII-IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmışdı. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilmişdi. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçmiş və həmin orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilmişdir. Həmin kursu bitirdikdən sonra 1941-1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində müəllim işləmişdir.Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləmişdir. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən “Avanqard” rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışmışdır.1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər “Kommunist” qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan. Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərmişdir.”Kommunist” qəzetində qeyri-normal mühit yarandığından öz təşəbbüsü ilə “Həyat” qəzetinə işə keçmişdir və il yarım həmin mətbu orqanında eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) eyni vəzifədə işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxmışdır.Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”. “Mənim rəncbər atam’”, iki hissədən ibarət olan “Zorən jurnalist”, “Aqibət”. “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.”Zorən jurnalist” romanının birinci hissəsi (“Eşq, qələm və qovğa” adı altında), “Mənim rəncbər atam”, “Aqibət” romanları türk dilinə, “Aqibət” romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunmuşdur. “Mənim rəncbər atam” romanı İranda ərəb əlifbası ilə nəşr olunmuşdur.2007-ci ildə onun seçilmiş əsərləri çapdan çıxmışdır. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun “Milli-mənəvi dəyərlərin bədii salnaməsi” monoqrafiyaları nəşr olunmuşdur.1941-1945-ci illərdə arxa cəbhədə göstərdiyi “Rəşadətli əməyə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci ildə Respublikanın “Əməkdar jurnalisti” adına layiq görülüb. “Qızıl qələm”, “Ali Araz”, “Ustad jurnalist”, Ə.Haqverdiyev adına mükafatların laureatıdır. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə “Türk Ədəbiyyatına Xidmət” beynəlxalq mükafatı ilə təltif edilib.Beş övlad atasıdır. Oğlanlarından Yusif İldırımzadə hüquqşünasdır, həm də elmlər namizədidir. Yunis İldırımzadə Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. Rasim İldırımzadə polis əməkdaşıdır, polkovnikdir. Nazim İldırımzadə isə həkimdir. Qızı Səadət İldırımzadə filologiya elmləri namizədidir. Həyat yoldaşı Şəfiqə müəllimlər İnstitutunu bitirib. 13 nəvəsi, 9 nəticəsi var. Övladlarının hamısı İldırımzadə familiyasını daşıyır.

all

Əli İldırımoğlunun həyat və yaradıcılığı bü gün gənclərimiz tərəfindən sevə-sevə öyrənilir.  Nasirin yaradıcılığına aid filmlər çəkilib. Azərbaycan Əli İldırımoğlunun baş qəhrəmanıdır. Dövlətçilik, Xalq, Qarabağ onun əsərlərinin əsas amilidir.

 

Azərbaycanın tanınmış alimləri və ədibləri, sənətkarları Əli İldırımoğlunun yaradıcılığı bağlı fikirləri:

 

Professor Qəzənfər Paşayev Əli İldırımoğlunun zəngin dünyagörüşündən, yorulmadan yazıb-yaratmaq eşqindən, nümunəvi publisistikasından, əsərlərinin təmiz, saf dilindən söz açıb. Onun yaradıcılığının tədqiqata cəlb edilməsi, gələcəkdə ali məktəb tələbələrinə dissertasiya mövzusu kimi verilməsi təklifini irəli sürüb.

Millət vəkili, yazıçı Aqil Abbas Ə.İldırımoğlunun örnək həyat və yaradıcılıq yolu keçdiyini, çox dəyərli əsərlər yaratdığını,  müasir yazıçıların və jurnalistlərin  ondan öyrəndiklərini bildirib.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əli İldırımoğlunu ustad yazıçı və publisist, milli jurnalistikanın ağsaqqalı, yüksək mənada nəzarətçisi kimi qiymətləndirib: “Əli müəllimin bütün əsərləri həyata baxışının təcəssümüdür. Bu əsərlər nəinki jurnalistikanın, Azərbaycan cəmiyyətinin 50-ci illərdən bugünümüzə qədərki ensiklopediyasıdır. Həyat müxtəlif səpkidə bu əsərlərdə öz əksini tapır. Əli müəllim jurnalistdir, yazıçıdır, şəxsiyyətdir. O, heç nə yazmasaydı da, bu sənətlərin sahibi olmasaydı da biz onun şəxsiyyətinə görə bu tədbiri keçirə bilərdik. O bizim hamımıza nümunədir”.

 Akademik, millət vəkili  Rafael Hüseynov “Hər bir qələm sahibi əsərlərində istər-istəməz özünü ifadə edir. Kimi özünü olduğu kimi, kimi də olmaq və ya görünmək istədiyi kimi təsvir etməyə üstünlük verir. Əslində, bunun özü də birbaşa yaşanan ömürlə bağlıdır. Keçmiş Tanrı bəndəsinin yalnız dünəni deyil, həm də və bəlkə də, daha çox özündən sonrakı adının və nəslinin dəyişdirilməsi qeyri-mümkün olan sabahıdı. Əli İldırımoğlu təsəlli və təskinliyinə çevrilmiş keçmişini, mənliyini qorumaqla elə yaşayıb ki, indi onun dünənini təmizləməyə və bəzəməyə yox, olduğu kimi çatdırmağa ehtiyac vardır. Buna görə də onun əsərləri realdır, həyatidir, canlıdır və ən başlıcası, səmimidir”.

Professor, millət vəkili Nizami Cəfərov “Qarlı gecələr” el-oba təəssübü, xətir-hörmət yeri, ədəb-ərkan, nüfuz-izzət təlqin edən, koloriti qəlbə qürur, ruha təskinlik gətirən, xəlqiliklə nəfəs alan bir romandır. Bu roman sayda və sanbalda, təmkin və ədada, duruş və dözümdə, özünücəlbdə elə Əli İldırımoğlunun özünə oxşayır. Uca boylu, sərt baxışlı, etibarlı, izzəti-nəfsli, elə bağlı, dağ duruşlu və uzaqgörən Əli İldırımoğluna!”

Millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov Azərbaycan oxucusunun Əli İldırımoğlu kimi yazıçının əsərlərinə hər zaman ehtiyac duyduğunu vurğulayaraq, ona gələcəkdə yeni-yeni gözəl əsərlər yazmağı arzu edib.

Şair Vahid Əziz “Mən Əli müəllimi birinci jurnalist kimi tanımışam. “Kommunist” qəzetində o vaxt 17 müxbir vardı onlardan ən irəlidə gedəni Əli İldırımoğlu idi. Əli müəllim hər zaman öz ləyaqətini uca tutub. Onun bütün həyatı özü və övladları üçün qürur mənbəyidir”.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid: “Əli İldırımoğlu ömrünün böyük bir hissəsini mətbuata həsr edib. O, Sovet dövrünün ən məhşur qəzetlərindən olan “Kommunist”də çalışıb, eyni zamanda da ardıcıl şəkildə ədəbi fəaliyyətlə məşğul olub. Əli İldırımoğlunun olduqca zəngin və maraqlı xatirələri var. Onun əsərlərinin mahiyyətini də məhz həmin xatirələr təşkil edir. Öz romanlarında, hekayələrində dilimizin rəngarəngliyindən məharətlə istifadə etməyi onu Azərbaycan oxucusuna doğmalaşdırıb. Əli müəllimin son zamanlar qələmə aldığı romanlar mütəmadi olaraq “525-ci qəzet”də dərc edilir. Ona görə də onun yeni əsərləri, romanları bizə daha çox yaxındır”.

Millət vəkili Arif Rəhimzadə Əli İldırımoğlunun zəngin mənəviyyata sahibdir,  məhz bu insani keyfiyyətlərin əsərlərinə, romanlarına təsir etdiyini vurğulayıb. Ədibin 1987-ci ildə “Kommunist” qəzetində Quba rayonunun Xınalıq kəndi haqqında çıxan məqaləsinin o kəndin həyatında mühüm rol oynadığını qeyd edib.

Xalq yazıçısı Sabir Rüstəmxanlı Əli İldırımoğlu  yaradıcılığı xüsusi önəm kəsb edir. Ə.İldırımoğlu ilə tanışlığından, uzun illəri əhatə edən dostluğundan danışan S.Rüstəmxanlı onu həqiqətə sadiq bir ziyalı kimi tanıdığını deyib: “Əli müəllim Azərbaycan həyatının çox mürəkkəb dövrünü qələmə alıb. Öz əsərlərində Qarabağın, Qubadlının çox dəyərli ziyalılarının obrazını dəqiqliklə yaradıb. Bu dərd, bu ağrı onun əsərlərini izləyir. Hələ bu əsərlər çox uzun zaman sevilərək oxunacaq”.

alə

XALQ.AZ  xəbər portalının kollektivi  Şöhrət ordenli ədibimiz Əli İldırmoğlunu 90 illik yübiley münasibəti ilə təbrik edir, Publisistimizə can sağlığı, uzun ömür, gələcəkdə gənclərimiz üçün yeni gözəl əsərlərinin nəşrini arzulayırıq.

 

 

 

 

 

Scroll to top