“Münasibətlərimiz yeni mərhələyə qalxacaq” – İlham Əliyev

“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək, Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq”.

XALQ.AZ xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə geniş tərkibli görüşdə bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycan-Serbiya arasında əlaqələr çox uğurla inkişaf edir: “Biz dost, strateji tərəfdaşıq və son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq edirik, əminəm ki, bu gün aparılan danışıqlarda bu sahəyə də təkan veriləcək. Humanitar sahədə çox gözəl əməkdaşlıq var. Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var.

Biz gələcəkdə energetika, nəqliyyat sahəsində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var və belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaq. Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, iki ölkənin münasibətlərinin böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir. Əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək. Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.

 

 

Orxan