“Murad MS” MMC-ni hansı vəzifəli şəxs himayə edir?

 

 

Adı Prezident Administrasiyanının “qara siyahı”sında olan “Murad MS” MMC tikinti şirkəti qanunlara və Binəqədi sakinlərinin kəskin etirazına məhəl qoymayaraq, N.Nərimanov küçəsindəki qeyri-münasib ərazidə 17 mərtəbəli binanın tikintisini dayandırmır.

Üzləşdikləri ciddi problemlə bağlı Yenicag.az-a üz tutan Binəqədi rayonu N.Nərimanov küçəsi, 19, 20, 21,22, 26 saylı binaların sakinləri “Murad MS” MMC-nin qeyd olunan ərazidə apardığı qanunsuz tikintinin dayandırılmasını tələb edirlər.

Göstərilən ünvanlarda yaşayan sakinlərin müraciətində bildirilir ki, rəsmi qurumların “Murad MS” MMC-nin ərazidə inşasına başladığı 17 mərtəbəli binanın tikintisinin dayandırılmasına dair qərarına baxmayaraq, inşa işləri davam etdirilir.

Müraciəti imzalayanların yazdığına görə, problemin hüquq müstəvisində öz həllini tapması üçün üz tutduqları məhkəmə instansiyaları da bu məsələni ötür-ötürə salaraq, adıçəkilən tikinti şirkətinin qanunsuz tikinti işlərini davam etdirməsinə şərait yaradırlar:

“Sakini olduğumuz binaların əhatəsində yerləşən və 1974-cü ildən etibarən, təyinatı üzrə “Ana və uşaq” parkı kimi fəaliyyət göstərən, BŞİK-nin Mədəniyyət şöbəsinin balansında olan ictimai zonada 14.12.2013-cü il tarixindən etibarən, “Murad MS” MMC tərəfindən 17 mərtəbəli bina tikintisi məqsədi ilə başlanılan inşaat tədbirləri ərazinin sakinləri və yaxınlıqdakı 177 nömrəli Uşaq bağçası müdriyyətinin şikayətləri nəticəsində 16.12.2013-cü il tarixində dövlət qurumlarının müdaxiləsi ilə dayandırılıb. Ərazinin ətrafına çəkilmiş hasar sökdürülüb və MMC-nin tikinti işləri üçün digər ünvanda münasib torpaq sahəsi ayrıldığı bildirilib.

Lakin 10.01.2016-cı il tarixindən etibarən ərazi yenidən hasarlanıb. Burada 2 mərtəbədən ibarət olan avtodayanacaq ilə idman kompleksinin tikiləcəyi bildirilsə də, əslində bu cür variantlarla sakinlərin aldadıldığı, orada 17 mərtəbəli binanın inşa ediləcəyi məlum olub. Bu vəziyyətdə həmin tikinti qeyri-qanuni olmaqla yanaşı, sakinlərə əlavə problemlər də yaradır. Binanın tikiləcəyi təqdirdə, göstərilən yaşayış binalarının sakinlərinin öz avtomobillərini park etmələri də mümkün olmayacaq”.

Müraciətdə qeyd olunanlara əsasən, sakinlər sözügedən problemlə əlaqədar 13.01.2016-cı il tarixində Prezident Administrasiyası Regional Şöbənin rəhbərliyi, bir gün sonra isə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüblər. Bu müzakirələr zamanı tikintinin aparıldığı torpağa dair mülkiyyət hüququnu təsdiqləyən sənədin (“Çıxarış”), o cümlədən digər zəruri sənədlərin mövcud olmadığı müəyyən edilib:

“Tikintinin başlanmasına imkan verilməməsi və qabaqlayıcı tədbirlərin görülməsi üçün Hacıbala Abutalıbov tərəfindən 18.01.2016-cı il tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN), Binəqədi Rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə rəsmi göstərişlər verilərək, adıçəkilən mübahisəli ərazinin ciddi nəzarətdə saxlanılması tələb edilib”.

Sakinlərin yazdığına görə, bundan sonra “Murad MS” MMC 18.01.2016-cı il tarixində 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək, 2013-cü ildən etibarən, sözügedən tikinti işlərinin apardığı, lakin “anlaşılmaz göstərişlər” əsasında tikintinin dayandırılmasının tələb olunduğu və s. həqiqətə uyğun olmayan məlumatlar verib:

“Nəticədə hakim M.Bayramov qarşı tərəflərə bildirmədən və mübahisəli ünvana baxış keçirmədən BŞİH tərəfindən tikintiyə qarşı yaradılan maneələrin qadağan edilməsi istiqamətində Qərardad çıxarıb”.

Maraqlıdır, sakinlərin həmin Qərardadla bağlı sözügedən məhkəmədə qaldırdıqları iddiaya da həmin hakimin sədrliyi ilə 18.02.2016-cı il tarixində baxılıb və M.Bayramov şikayətçilərin iddiasını qismən təmin etsə də, tikintinin ləğvi tələbini təmin etməyərək, o səlahiyyətin BŞİH-də olduğunu təsbit edib. Bu məsələyə ərazidən seçilmiş millət vəkili Azay Quliyevin qarışması və onun sakinlərin haqlı iddiasını dəstəkləməsi də hakimin qərarına təsir göstərməyib.

Bundan sonra narazı sakinləri qəbul edən BŞİH aparatının rəhbəri R.Quliyev onlarla söhbətində bildirib ki, aparılan araşdırmalar həmin tikintiyə dair sənədlərdə ciddi nöqsanların olduğunu üzə çıxarıb, məhkəmənin haqqında danışılan qərarı isə bu məsələdə ciddi qarışıqlıq yaradıb. Aparat rəhbəri bu məqamları əsas götürərək, tikintinin məhz məhkəmə qərarı ilə dayandırılmalı olduğunu deyib.

Müraciətin davamında sakinlər çox maraqlı və olduqca ciddi məqama toxunublar. Onların yazdığına görə, sözügedən ərazidə tikinti işlərinin aparılmasına qanuni icazə verilən sənəd vəfat etmiş şəxsin adınadır . Mərhum sağlığında ailə üzvlərinə və başqa şəxslərə bununla əlaqədar rəsmi vəkalət verməsə də, o sənəd hansısa yollarla “Murad MS” MMC-nin əlinə keçib:

“Diqqətinizə çatdırmaq istəyirik ki, mübahisələndirilən tikintiyə dair BŞİH başçısının 100 saylı 27.03.2013-cü il tarixli Layihə Sərəncamının 1-ci bəndinə əsasən, “Murad MS” MMC-nin tikintisi üçün torpaq sahəsinə dair Binəqədi Bələdiyyəsinin 273 saylı 10.11.2004-cü il tarixli Qərarı nəzərə alınmaqla, tikintiyə dair sənədləşmə işlərinin aparılmasına icazə verilir.

Bildiririk ki, Binəqədi Bələdiyyəsinin 273 saylı 10.11.2004-cü il tarixli Qərarı O.Əmirov adlı şəxsin adına olmuşdur, həmin şəxs tərəfindən burada hər hansı tikinti işləri aparılmayıb. O.Əmirov 28.11.2012-ci il tarixində vəfat etdikdən sonra həmin Qərar “Murad MS” MMC tərəfindən əldə edilərək İcra hakimiyyətinə təqdim olunub, nəticədə ölmüş adamın adına olan sənədlərdən sui-istifadə edilərək, saxtakarlığa yol verilib. O.Əmirov sağlığında öz tərəfindən nə ailə üzvlərinə, nə də ki digərlərinə heç bir etibarnamə və ya hər hansı hüquqi əsası olan müqavilə verməyib”. Qeyd edilir ki, vurğulanan məqam O.Əmirovun ailə üzvləri ilə “Murad MS” MMC arasında hələ də davam edən məhkəmə çəkişməsinə səbəb olub.

Sakinlərin məktubunda qeyd olunur ki, onların müraciətinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.02.2016-cı il tarixli Mütəxəssis Rəylərinə uyğun olaraq, haqqında danışılan tikintinin qanunazidd hesab edilərək dərhal dayandırılması istiqamətində 10.05.2016-cı il tarixində işə yenidən baxılıb, 1 saylı Bakı İİM-in hakimi M.Bayramov tərəfindən verilmiş Qərardad, növbəti instansiyalarda Apellyasiya və Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb:

“Bu iş üzrə materiallar 20.10.2016-cı ildə 1 saylı Bakı İİM-ə qaytarıldıqdan sonra məsələyə mahiyyəti üzrə, yəni “tikintiyə dair mövcud olan sənədlərdə ciddi nöqsanların mövcud olduğu bir daha dəqiqləşdirilib və hətta “tikintinin dərhal dayandırılması”na dair 10.05.2016-cı il tarixli Qərardadla əlaqədar olaraq, Binəqədi rayon İcra Şöbəsinə də Məhkəmə tərəfindən 14.11.2016-cı il tarixdə “İzah” verilməklə, qanuni tələblərin icrasına ciddi yanaşılması tapşırılıb”.
Ancaq bu məhkəmə qərarlarının və verilən rəsmi göstərişlərin sakinlərə yenə də heç bir faydası olmayıb. 1 saylı Bakı İİM-in hakimi M.Bayramov tərəfindən yuxarıda vurğulanan Qərardadın qəbulundan 1 il sonra – 22.02.2017-ci il tarixində təkrar ekspertiza təyin edilib.

Maraqlı və çox təəccüblüdür ki, həmin ekspertiza elə məhkəməyə cavabdeh qismində cəlb edilmiş BŞİH-yə həvalə olunub. Bununla belə, BŞİH-nin mütəxəssisləri ərazidə heç bir araşdırma aparmasalar da, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 14.03.2017-ci il tarixində formal və həqiqətə uyğun olmayan mülahizələrə əsaslanaraq hazırlanan, sözügedən tikintinin qanuni olduğu bildirilən Mütəxəssis rəyini imzalayaraq, 1 saylı Bakı İİM-nə göndərib. Bundan sonra hakim M.Bayramov 18.04.2017-ci il tarixində həmin rəyə əsaslanaraq, tikintinin qanunsuz olduğuna dair 10.05.2016-cı il tarixli Qərardadı ləğv edib.

Sakinlərin yazdığına görə, bundan sonra üz tutduqları məhkəmə instansiyaları da onların qanuni tələblərinə məhəl qoymayıb. Onlar Apellyasiya Məhkəməsində məlum işə baxan və MMC-nin xeyrinə qərar çıxaran hakim Ü.Mayılovun yenidən həmin iş üzrə məruzəçi-hakim seçilməsinə də etirazlarını bildiriblər:

“Araşdırmalar zamanı gözlə görünəcək həddə olan qanunsuzluqlar nə 1 saylı Bakı İİM, nə Apellyasiya, nə də Ali Məhkəmə tərəfindən nəzərə alınmayaraq, diqqət göstərilməyib. Hətta Apellyasiya instansiyasının 24.05.2017-ci il tarixli Qərardadının qüvvədə saxlamış Ali Məhkəmənin 28.08.2017-ci il tarixli məhkəmə prosesinin (Qərarın) özü də nöqsanlıdır”.

Ancaq sakinlər BŞİH ilə məhkəmələrin onlar üçün yaratdıqları labirintdə ilişib qalmaq niyyətində deyillər və qanunsuz tikintini dayandırmaq istiqamətində mübarizəni davam etdirirlər. Bu işlə bağlı növbəti proses noyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Ü.Mayılovun sədrliyi ilə keçiriləcək. Narazı sakinlər gec də olsa, məhkəmənin ədalətli qərar çıxararaq, “Murad MS” MMC-nin apardığı qanunsuz tikintini birdəfəlik əngəlləyəcəyinə çox ümidlidirlər.

Məsələ çərçivəsində diqqəti cəlb edən bir sıra nüanslar da var. Təsəvvür edin, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəxsən əraziyə gələrək, tikintinin dayandırılmasına cəhd göstərsə də, buna nail olmayıb. Tikintiyə mane olmağa çalışan sakinlər isə polis zorakılığına məruz qalıblar.

Sakinlərin qanunsuz tikinti, ərazidəki yaşıllıqların məhvi və polis zorakılığı ilə əlaqədar prokurorluğa kollektiv müraciətindən sonra “Murad MS” MMC-nin direktoru Bəkir Quliyevə qarşı cinayət işi açılıb. İstintaq bu ilin fevralında yekunlaşıb və iş Binəqədi rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, redaksiyamıza bu müraciəti göndərən Binəqədi rayonu N.Nərimanov küçəsi 19, 20, 21,22, 26 saylı binaların sakinləri “Murad MS” MMC-nin ərazidə apardığı tikintinin qeyri-qanuni olduğuna dair çox sayda sənədlər də təqdim ediblər.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu ilin fevral ayında vətəndaşların 2016-cı ildə PA-ya ünvanladıqları müraciətlərdə ən çox şikayət etdikləri tikinti şirkətlərinin adlarını açıqlayıb.
Həmin tikinti şirkətlərinin sırasında “Murad MS” MMC-nin adı ön yerlərdə göstərilib.

Lakin görünür, bu fakt öz fəaliyyəti ilə vətəndaşları dövlətdən narazı salan “Murad MS” MMC-ni qətiyyən narahat etmir. Əks halda, Binəqədi rayonu N.Nərimanov küçəsi 19, 20, 21,22, 26 saylı binaların sakinlərinin ədalət axtarışı bu qədər uzun sürməzdi.

Scroll to top