“Müsbət irəliləyiş əldə olundu”

Xelef

“Həştərxan sammitində müsbət irəliləyişlər əldə olunub. Sammitin nəticəsi kimi 5 sənəd  qəbul edilib”.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.  O bildirib ki, sammitdə bir neçə protokol üzrə də razılıq əldə olunub:

“Prezidentlərin birgə bəyanatı, prezidentlərin komunikesi qəbul olunub, xəzəryanı ölkələrin  əməkdaşlığı üçün sazişlər imzalanıb. Xəzər dənizində fövqəladə halların aradan qaldırılması  ilə bağlı da saziş imzalanıb. Bioresursların müdafiəsi ilə bağlı saziş də çox vacibdir. Xəzər  dənizinin ekoloji durumu ilə bağlı nigarançılıq var. Dənizdə bioresursların birgə və səmərəli istifadıə edilməsi kimi mexanizmlər hazırlandı. Saziş çərçivəsində komissiya yaradılıb. Bu komissiyanın çox böyük səlahiyyəti var. İstənilən bioresursların sənayesi və hasilatına müdaxilə edilə bilər. Bu isə 5 dövlətin maraqlarına uyğundur. Bu isə Xəzər dənizin ekoloji vəziyyətini yaxşılaşdıracaq və dənizdəki resursların gələcək nəsillər üçün qorunub saxlanmasına imkan yaradacaq. Fövqəladə hallarla bağlı protokola əsasən, fövqəladə halların proqnozlaşdırılması, qarşılıqlı yardımların edilməsi kimi məsələlər nəzərdə tutulur”.

Nazir müavini Həştərxan sammitinə hazırlaşmaq üçün xeyli görüşlərin baş tutduğunu qeyd edib:

““Xəzər dənizinin hüquqi statusu ilə əlaqədar olaraq 1996-cı ildən start verilib. Öncə xəzəryanı ölkələrinin XİN rəhbərləri tərəfindən işçi qrupu yaradılıb. İndiki zamana qədər danışıqlar davam etdirilir. Mütəmadi olaraq görüşlər keçirilib və danışıqlar aparılıb. İkitərəfli və çoxtərəfli danışıqlar aparılııb. 2002-ci ildən isə xəzəryanı ölkələrinin prezidentləri səviyyəsində sammit keçirilib. Bu proses davam etdirilib. Xəzərin bölünməsi ilə bağlı suverenlik zonası və balıqçılıq zonası məsələlərinin öz əksini tapdığı protokol qəbul edilib. İkincisi isə nərəcinsli balıqlarla bağlı protokol idi. Bakı sammitindən sonrakı 4 il ərzində xeyli müzakirələr aparıldı. Daha sonra Rusiya təşəbbüs etdi və sammitin Həştərxanda keçirilməsini təklif etdi. Əvvəl 4-5 görüş keçirilirdi il ərzində. Ancaq indi növbədənkənar görüşlər də keçirilib”.

X.Xələfov qeyd edib ki, sammitdə prezidentlərin qəbul etdiyi siyasi bəyanata əsasən, hər ölkə üçün 15 mil, eyni zamanda 10 mil “balıq ovu” su ərazisi nəzərdə tutulub: “Yerdə qalan ərazisi isə ortaq məkan kimi istifadə olunacaq. Xəzər dənizinin yalnız sülh məqsədi üçün istifadəsi ilə bağlı razılıq əldə olunub. Regionda baş verən münaqişələr isə yalnız dinc yolla, danışıq yolu ilə həll oluna bilər. Bu prinsiplər mehriban qonşuluq siyasəti çərçivəsində həyata keçiriləcək”.

“Sammitin yekunlarına əsasən deyə bilər ki, 18 illik danışıqlardan sonra ümumi razılıq əldə olunub. Bu, xəzəryanı ölkələr arsında yeni etimad mərhələsidir. Sammitdən sonra da işçi qrupunun növbəti görüşü noyabr vəya dekabr ayında Bakıda keçiriləcək. Razılaşmaların əldə olunmasında Azərbaycanın çox böyük rolu olub. Bakı sammitinin rolu çox böyük olub. Bakıda qəbul olunmuş protokollar imkan verdi ki, sammitdə bu cür yüksək keyfiyyətli qərarlar qəbulı olundu”.