Müşfiq Ələsgərli: “Heydər Əliyevin sayəsində media özünütənzimləmə mexanizminə keçdi” AÇIQLAMA

“Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mediasının inkişafında dəstəyi o qədər yüksək və çoxşaxəlidir ki, bunları bir müsahibədə təsvir etmək qeyri mümkündür. Bu baxımdan mən mövzu üzrə fikirlərimi qısa tezislərlə bildirmək istərdim. Öncə onu qeyd edim ki, Azərbaycan mediasının dünya media məkanına inteqrasiya etməsi, demokratik dünyanın media standartlarına uyğunlaşması üçün hüquqi baza, məhz Heydər Əliyevin zamanında və onun tövsiyyələri ilə yaradılıb”. XALQ.AZ xəbər verir ki, bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, 1995-ci ildə qəbul edilmiş Konstitusiyamız, bu baxımdan, əvəzedilməz istinad mənbəyidir: “Məhz 1995-ci il Konstitusiyası müstəqil Azərbaycan dövlətinin müstəqil, demokratik, beynəlxalq standartlara cavab verən mediasının ilk hüquqi tənzimlənmə sənədi olub. 1998-ci ildə media üzərindən senzura qaldırılıb, 1999-cu ildə isə media sahəsində Avropa məkanı üçün ən demokratik sayılan “KİV haqqında qanun” qəbul edilib. Məhz Ulu Öndər Heydər Əliyevin liderliyi ilə postsovet məkanında ilklərdən biri olaraq Azərbaycanda 2000-ci ildə media üzərində dövlət tənzimləmə mexanizmi aradan qaldırılıb, Mətbuat İnformasiya Nazirliyi ləğv edilib, əvəzində mediaya özünütənzimləmə mexanizmi tətbiq edilib. Bu, həmən dövr üçün çox riskli sayılan addım idi, indi də əksər ölkələr bu riski yaşamaqdan çəkinirlər. Bu günə qədər əksər postsovet ölkələrində hələ də media üzərində dövlət tənzimləyici mexanizmləri qalmaqdadır. Məhz Ümummilli Lider Heydər Əliyevin səriştəli yönləndirməsi ilə media dövlət tənzimləməsindən özünütənzimləmə mexanizminə keçə bildi.

Heydər Əliyev medianın hüquqi bazasını formalaşdırmaqla yanaşı, müstəqil medianın iqtisadi-maliyyə dayaqlarının möhkəmləndiriliməsi üçün də gərəkən addımları atdı. Məhz onun göstərişi ilə mətbuat qurumlarının dövlət müəssisələrinə, xüsusən nəşriyyata olan borcları silindi. Beləliklə, dövlətin müstəqil, demokratik quruluşlu, eyni zamanda milli ruhlu mediaya dəstək göstərməsi mexanizmi və ənənəsi formalaşdı. Paralel olaraq Ulu Öndər Heydər Əliyev media ilə dövlət qurumları arasında sağlam dioloq aparılması ənənəsini yaratdı. O, media təmsilçiləri ilə intensiv şəkildə görüşərdi və görüşdə qaldırılan problemlərin operativ şəkildə həll edilməsinə göstəriş verərdi. Bütün bunlar təkcə Azərbaycan üçün deyil, sovet şinelindən çıxmış, demokratik, müstəqil quruculuq yolu tutmuş bütün dövlətlər üçün bir örnək, nümunə oldu. Bu gün nəzər yetirsək görərik ki, hansı postsovet ölkələr ki, Heydər Əliyevin hərəkətlərini təqlid ediblər, demokratik inkişafı hüquqi tənzimləmə ilə uyğunlaşdırıblar, həmin ölkələrdə inkişaf, sabitlik və firavanlıq var. Hansı ölkələr ki, fərqli yollar seçiblər, onlarda qeyri-sabitlik, narazılıq və geriləmə var”.

 

Orxan