Müstəqil mətbuatımızın ilk qaranquşu SƏS QƏZETİ

 

 

Müstəqil Azərbaycanın ilk mətbuat orqanlarından olan “Səs” qəzeti 27 yaşını tamamlayır. Media kapitanlarının fikrincə, 1990-cı illərin əvvəllərində ölkədə ictimai-siyasi durumun gərgin vəziyyətdə olduğu və güclü senzuranın mövcud olduğu dövrdə fəaliyyətə başlayan “Səs” qəzeti Azərbaycanı sevərlərin səsini, azad fikirli, sağlam düşünən ziyalıların səsini xalqa çatdırıb.

SİA media kapitanlarının “Səs” qəzetinin 27 illik fəaliyyəti ilə bağlı fikirlərini təqdim edir:

“ Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu: “Səs” qəzeti hər şeydən öncə müstəqil, Azərbaycan milli mətbuatının formalaşmasında özünəməxsus yeri və rolu olan qəzetdir. “Səs” qəzeti Azərbaycanın ictimai-siyasi münasibətlərinin ən mürəkkəb dövründə, 27 il bundan öncə, müstəqilliyimizin ilk ilində yaranıb. “Səs” qəzetinin fəaliyyətini və onun Azərbaycan mediasında yerini, rolunu, gördüyü işləri qiymətləndirmək üçün mütləq onun yarandığı tarixə nəzər yetirmək lazımdır. Yeni müstəqillik əldə etmiş dövlətin, heç şübhəsiz ki, ictimai, informasiya siyasətinin formalaşmasında müstəqil media orqanına ehtiyacı var idi. Eyni zamanda dünyada və Azərbaycanda baş verən hadisələrin düzgün şərh olunmasına, mətbuatın siyasi obyektiv əsaslarda şərh etməsinə töhfə verə biləcək, öz müstəqil sözünü cəsarətlə, qorxmadan deyə biləcək media orqanına ehtiyacı var idi. “Səs” qəzeti əslində bu rolu oynadı. O dövrdə Ulu Öndər Heydər Əliyevin fikirlərini ictimaiyyətə olduğu kimi çatdıracaq media qurumları yox idi. Biz bilirik ki, Azərbaycanın milli maraqları həmin dövrdə, həm daxildəki marginal radikal qruplar tərəfindən, həm də gələcəkdə Azərbaycan torpaqlarını işğal etməyi nəzərdə tutan imperialist, ermənipərəst güclər tərəfindən təhdid edilirdi. Belə bir mərhələdə bütün bu proseslərdən Azərbaycanı xilas edə biləcək, dövlətçiliyimizi qoruya biləcək siyasətçiyə ehtiyac var idi. Hamı bilirdi ki, bu Heydər Əliyevdir. Lakin o dövrün şərtləri içərisində çox az adam cəsarət edib Ulu Öndərin mövqeyini müdafiə edir və ya çox az mətbuat orqanı bu missiyanı üzərinə götürərək, özündə cəsarət tapıb addımları ata bilirdi. Tərəddüd etmədən deyə bilərik ki, onlardan birincisi məhz “Səs” qəzetidir. Böyük dövlət xadimi Ümummilli Liderin müraciətini “Səs” qəzeti dərc etməyi bacardı. Mən düşünürəm ki, bu, Azərbaycan milli mətbuatında “Səs” qəzetinin həyata keçirdiyi ən böyük missiya idi. Bundan sonrakı mərhələdə də “Səs” qəzeti öz prinsiplərinə sadiq qaldı, Azərbaycanda milli özünüdərk prosesinin həyata keçirilməsində, dünyada baş verən hadisələrin analitik təhlilin süzgəcindən keçirərək, nəyin nə üçün baş verdiyini oxucuya çatdıran tribunaya çevrildi, çox böyük maarifləndirmə funksiyasını yerinə yetirdi. “Səs” siyasi mədəniyyətin, əxlaqın formalaşması, ölkədə baş verən hadisələrin düzgün şəkildə ictimaiyyətə çatdırılması istiqamətində mühüm tarixi addımlar atmağı bacardı. Həmin dövrdə informasiya çox vacib məsələ olsa da, informasiya ilə davranmaq daha aktual idi. Çünki, o dövrdə bu gün alışdığımız çoxsaylı informasiya mənbələri, sosial şəbəkələr, internet resursları yox idi. Əhali informasiyanı yalnız qəzetlər və radio-televiziya üzərindən əldə edə bilirdi. Biz bilirik ki, 90-cı illərin əvvəllərində müharibə gedirdi, Azərbaycan torpaqları işğal olunurdu. Bu, 1994-cü il atəşkəs dövrünə qədər davam etdi. O mərhələdə də nəyin, nə üçün baş verdiyini insanlara çatdırmaq çox vacib məsələ idi. “Səs” qəzeti bu missiyanın öhdəsindən layiqincə gələ bildi. Bundan sonrakı mərhələ Azərbaycan mediasının inkişaf mərhələsidir. 1993-cü ildə Ulu Öndər hakimiyyətə gəldikdən sonra “Səs” qəzeti öz üzərinə yeni missiyanı götürmüş oldu. Əslində “Səs” qəzeti ən müxtəlif tarixi mərhələdə öz prinsipal mövqeyi ilə fərqlənən qəzet kimi çıxış etməyi bacarıb. Bundan sonrakı mərhələdə çoxsaylı media nümunələri yarandı, zaman-zaman Azərbaycanın informasiya cəmiyyətində bir növ durulma baş verdi. Bir-birinin ardınca tarixi hadisələr baş verdikcə nəhayət siyasi üfüqlərdə bir aydınlıq prosesi baş verdi. Artıq nəyin nə olduğunu Azərbaycan cəmiyyəti dərk etməyə başlayırdı. Hesab edirəm ki, bu aydınlaşma mərhələsinin meydana gəlməsində də “Səs” qəzetinin öz yeri və rolu oldu. Çünki, bu çox mühüm məsələ idi. Total və ideoloji rejimdən çıxan bir cəmiyyət üçün informasiya ilə davranmaq çox çətin məsələ idi. Bundan istifadə edən informasiya mənbələri və mərkəzləri monipulyasiya edərək cəmiyyəti çaşdırmağa çalışırdılar. İctimai hormoniya, agəndarlıq itmiş, informasiyaya münasibətdə onun düzgün əsaslarda qəbul edilməsi meyarları sıradan çıxmışdı. Bütün bunlar sözün həqiqi mənasında milli qəzetçiliyin inkişafını zəruri edirdi. Milli mediadan danışanda sözsüz ki, bizim yadımıza “Səs” qəzeti düşür. “Səs” qəzetinin faəliyyəti milli mətbuatımızın çox mühüm mərhələsində çox əlamətdardır. Bundan sonrakı mərhələdə biz bilirik ki, “Səs” qəzeti daha geniş oxucu kütlələrinə çata bildi. Çünki, məhdudiyyətlər, bu qəzetə qarşı təzyiqlər aradan götürülürdü. Artıq cəmiyyət dərk edirdi ki, belə bir mətbu orqanına ehtiyac var. “Səs” qəzeti çox az mətbu orqanlarından biridir ki, redaksiyasına dəfələrlə hücumlar təşkil olunub, cəsarətlə sözü, həqiqəti ədaləti müdafiə etdiyi üçün zaman-zaman qəzet əməkdaşları təqiblərə məruz qalıb. Azərbaycanda AXC-Müsavat hakimiyyəti dövründə bu qəzetin redaksiyası basqına, terrora məruz qalıb. Amma bütün bunlara baxmayaraq “Səs” qəzeti öz cəsarəti, bütövlüyü, milli məvqeyi ilə bu günə qədər gəlib çata bilib. Bu gün Azərbaycanda söz mətbuat azadlığı var, senzura ləğv edilib. Lakin “Səs” qəzeti çox az qəzetlərdəndir ki, milli mətbuatımızın inkişafının bütün mərhələlərini görərək gəlib bu günə çatıb. Bu gün də “Səs” qəzeti Azərbaycan mətbuat orqanlarının sayılıb-seçilən nümunələrindəndir. Hazırda da “Səs” qlobal informasiya axını içərisində öz yolunu dəqiq bilən və mövqeyini qoruya bilən qəzetdir. Bütün dünyada çap mediasının çətin vəziyyətində “Səs” qəzeti öz oxucu auditoriyasını qoruyub, saxlaya bilən qəzetdir. Düşünürəm ki, bu hər mətbu orqanının qismətinə yazılan xoşbəxtlik deyil. Hesab edirəm ki, “Səs” öz keçmişi, bu günü ilə fəxr edə bilər. Bu qəzet mənim üçün də çox doğmadır. Çünki, 90-cı ilin əvvəllərində bu qəzetin əməkdaşı olmuşam. Qələmimin püxtələşməsi, siyasi-analitik janrda yazılarımızın formalaşması məhz “Səs” qəzeti ilə bağlıdır. Bu qəzet vaxtilə Ulu Öndər Heydər Əliyev sevərlərin yeganə tribunası idi. Əlbəttə ki, “Səs” qəzeti eyni zamanda Heydər Əliyev sevərləri öz ətrafında cəmləşdirə, toplaya bilən, onlar arasında koordinasiya edən mətbuat orqanı idi. Bu baxımdan da “Səs” qəzetinin şanlı keçmişi var. “Səs” qəzeti Azərbaycan milli mətbuatının formalaşması üçün çoxsaylı peşəkar kadrlar yetişdirib. Bu gün Azərbaycan milli mətbuatında ideoloji, siyasi, intellektual baxımından hazırlıqlı kadrlara diqqət yetirsək, onların bir çoxunun yaradıcılıq keçmişi “Səs” qəzeti ilə bağlıdır. Buna görə də “Səs” qəzeti bir növ milli mətbuatımız üçün peşəkar kadrlar hazırlayan məktəb kimi nəzərdən keçirə bilərik ki, bu məktəbin ilk məzunlarından biri də mən özümü hesab edirəm. “Səs” dünənin, bu günün, Azərbaycanın çap mediası durduqca yaşayacaq qəzetdir. Mən bu doğma kollektivi təbrik edir, hazırkı, çap mediasının yaşadığı mürəkkəb tarixi mərhələdə onların fəaliyyətlərinə uğurlar arzu edirəm. Hesab edirəm ki, 27 il müddətində “Səs” qəzetində yazısı gedən bütün müəlliflərin bu bayramla sevinməyə haqqı var. Onları da təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: “Səs” qəzeti Azərbaycanın müstəqillik tarixində media ilə bağlı önəm kəsb edən qəzet olmaqla yanaşı, vacib ideoloji iş həyata keçirən, dövlətə, dövlətçiliyə, Ulu Öndər Heydər Əliyev siyasətinə və bu gün Prezident İlham Əliyev siyasətinə sədaqətlə xidmət nümunəsini ortaya qoyub. “Səs” qəzeti sözün həqiqi mənasında mətbuatla bağlı böyük məktəbdir. Mən qəzetin yarandığı illəri çox yaxşı xatırlayıram. “Səs” çətin, mürəkkəb, lakin çox şərəfli yol keçən qəzetdir. Qəzet Azərbaycanda ictimai sabitliyin olmadığı, çətin bir dövrdə fəaliyyətə başlamasına baxmayaraq, düzgün, prinsipal mövqedə olub. “Səs” dövlətin, dövlətçiliyin qorunmasında, xalqın təkid və tələbi ilə Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışında bir media olaraq öz mövqeyini ortaya qoyub. Zaman göstərdi ki, bu mövqe çox düzgündür və dövlətə xidmətin bir nümunəsidir. Mən uzun müddət qəzetin redaktoru olmuş Ağabəy Əsgərovu, hazırda qəzetə rəhbərlik edən Bəhruz Quliyevi və bütün kollektivi təbrik edir, uzun ömür arzu edirəm. “Səs” qəzeti 27 illik tarixə malik olan, müstəqil mətbuat orqanları arasında ilk qaranquşlardan biridir. Hesab edirəm ki, bu qəzet daim fəaliyyət göstərəcək və bundan sonra öz mövqeyin bundan sonra daha gözəl yazılar, məqalələrlə daha prinsipal şəkildə ortaya qoyacaq.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: “Səs” qəzeti Azərbaycan müstəqil media tarixində öz yeri olan, önəmli mətbuat orqanlarındandır. Hər zaman öz prinsipləri ilə seçilən, qəzeti dövlətçilik, milli maraqlara münasibətdə “Səs”in mövqeyində bu günə qədər hər hansı dəyişikliyin şahidi olmamışıq. Ən çətin prinsipal anlarda “Səs” öz səsini ucaltmağı bacarıb və hər dəfə milli maraqlarımızın əleyhinə çıxan qüvvələrə qarşı kəskin mövqe ortaya qoyub. Qəzetin rəhbərliyi və əməkdaşları Azərbaycana və onun milli maraqlarına, dövlətçiliyinə bağlı olan, jurnalistikanın prinsiplərinə əməl edən, milli məsələlərdə güzəştsiz olan insanlardır. “Səs”i media sektorunda bu mətbuat orqanının idarəçiləri, əməkdaşları kimi düşünən insanlar məzmun keyfiyyətlərinə görə sevirlər. Uzun illərdir ki, mən “Səs” qəzeti ilə əməkdaşlıq edirəm və bu tarix demək olar ki 27 ili əhatə edir. Bu müddət ərzində qəzetin keçdiyi yol gözümün qarşısında olub və bu yol kifayət qədər şərəfli, azərbaycançılıq ideyalarına, məfkurəsinə bağlı yoldur. Bu qəzetdə fəaliyyət göstərənləri, başda həmkarım, dəyərli dostum Bəhruz Quliyev olmaqla ürəkdən təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram. Əlləriniz heç zaman yorulmasın və ürəyiniz hər zaman Azərbaycan sevgisi ilə döyünsün”

Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “Səs” qəzeti Azərbaycan mediasının bugünkü fəaliyyət sistemində və ümumiyyətlə müstəqillik media tarixində çox önəmli və özünəməxsus yerə malikdir. “Səs” qəzeti bu illər ərzində həm təbliğat vasitəsi, həm informasiya yayım tribunası olaraq, həm də 1990-cı illərin əvvəllərində müəyyən mənada Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ölkədə demokratiya və insan haqlarının müdafiə olunması istiqamətində hətta təşkilatçılıq funksiyasını yerinə yetirən orqandır. “Səs” qəzeti Azərbaycan cəmiyyətinin nəzərində ölkənin müstəqillik tarixi ilə paralel tarix yaşayan, onunla həmyaşıd qəzetdir. Bu qəzet illər ərzində həm də media məktəbi rolunu oynayıb. Bu qəzetdə saysız-hesabsız kadrlar fəaliyyət göstərib jurnalist kimi formalaşıblar, peşəkarlıq və vətənpərvərlik prinsiplərini, dəyərlərini mənimsəyiblər. Bu gün ölkədə fəaliyyət göstərən media orqanlarında çoxlu sayda vaxtilə “Səs” məktəbinin yetirməsi olaraq formalaşan jurnalistlər mövcuddur. “Səs” qəzeti bu gün də mediada vətənpərvərlik, dövlətçilik ənənələrinin, dəyərlərinin həyata keçirilməsi və təbliğ olunmasında öz missiyasını və fəaliyyətini davam etdirir. “Səs” qəzetinin kollektivi çalışdıqları mətbuat orqanı ilə qürur duya bilər. Dövlətçilik tarixində böyük rola malik olan bir qəzetin yaradılmasında payı olduğuna görə, bu gün “Səs” qəzetinin hər bir üzvü fəxr hissi keçirə bilər. Qəzetin kollektivini təbrik edir, daha böyük yubileylərinin şahidi olmağı diləyirəm”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Səs” qəzeti Azərbaycan müstəqil mətbuatının bərpasında rolu olan ilk nümunələrdəndir ki, öz dövrlülüyünü bu günə qədər qoruyub saxlaya bilib. Azərbaycanın 27 il öncəki tarixinə nəzər salsaq, biz ölkə müstəqilliyinin bərpası istiqamətində baş verən prosesləri, gərgin siyasi vəziyyəti görürük. Lakin həmin dövrdə “Səs” qəzeti kifayət qədər oxucu auditoriyası qazanmış, sevilən qəzetlərdən biri idi. Həmin dövrdən 27 il keçməsinə baxmayaraq, nə xoş ki “Səs” qəzeti bu gün də yaşayır və onun güclü komandası var. Bu gün “Səs” qəzeti həm də internet televiziyası vasitəsilə mütəmadi olaraq cəmiyyəti məlumatlandırır, maarifləndirir, ölkəmizin inkişafı üçün çalışır, eyni zamanda problemləri göstərməyi bacarır. “Səs” qəzeti Azərbaycanın müstəqilliyinə olan təhdidləri dəqiq müəyyənləşdirməyə çalışan qəzetdir. Qəzetinin baş redaktoru Bəhruz Quliyev başda olmaqla bütün “Səs”çiləri təbrik edir, onlara yeni uğurlar, iti və kəsərli qələm arzu edirəm. Arzu edirəm ki, ölkəmizin inkişafı naminə daha çox güc sərf edib, yeni illərə çatasınız”.