Nəqliyyat nazirliyinin qarşısında küçə bağlandı

avtomobil

Bakının mərkəzi yolun bir hissəsi bağlanır.

Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov şənbə günü bildirib ki, avqustun 31-dən sentyabrın 1-nə keçən gecə saat 00:00-dan etibarən Tbilisi prospekti ilə Salamzadə küçəsi kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində (Nəqliyyat Nazirliyinin İnzibati binasının yanından) olan yolda tam yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.

Bunu nəzərə alaraq, həmin yol ilə avtomobil sıxlığının, yol qəza hadisələrinin, tıxacların yaranmaması üçün sürücülərdən 9-cu mikrorayon ərazisi üzrə küçə və yollardan alternativ yol kimi istifadə edilməsi xahiş edilir: “Və yaxud sürücülər Həsən Əliyev-Tbilisi prospektləri kəsişməsindən Yasamal rayon ərazisindən keçərək 3-cü kənar dairəvi yolla əsas magistrala çıxıb bölgələr istiqamətində sərbəst hərəkət edə bilərlər”.

Təmir işləri qısa müddət ərzində başa çatdırılacaq.