Nərimanovda şəhidimiz anıldı-Fotolar

 

Фото Nərimanov Rayon Gənclər və İdman İdarəsi.

06 aprel 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olan şəhid Mahir Mirzəyevin məzarı ziyarət edilib.
Mərasimdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, 36 saylı tam orta məktəbin rəhbərliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim heyətinin, Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyinin, şəhidin yaxınlarının, gənclərin, ictimaiyyətin nümayəndələrinin və gənc şahinlərin iştirak etdiyi anım tədbirində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qeyd etmişdir ki, ötən ilin aprel ayında mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən hücumun qarşısı qətiyyətlə alınmış, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikası rəşadətlə məhv edilərək düşmən qorxu içində geri çəkilmiş və nəticə etibarı ilə işğal altında olan mövqelərimiz düşməndən azad edilərək silahlı qüvvələrimiz daha əlverişli üstün mövqelərə sahib olmuşlar. İşğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuş Vətən övladlarından biri də Nərimanov rayonundan hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğlu olmuşdur. Mahir Mirzəyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi  igidliyə görə  “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Sonra çıxış edən 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Əli Əlirzayev, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və digər çıxışçılar bildirdilər ki, aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə – ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbiçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Daha sonra şəhidin atası Sabir Mirzəyev dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, Mahirin tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söyləyib, şəhidlərimizin qanının yerdə qalmayacağına söz verib.
Sonda mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər və şəhidin məzarına gül düzdülər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Фото Nərimanov Rayon Gənclər və İdman İdarəsi.

Фото Nərimanov Rayon Gənclər və İdman İdarəsi.

Фото Nərimanov Rayon Gənclər və İdman İdarəsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir