Nəsib Məhəməliyev “Gənclərə müstəqil iş qurmağı,sahibkarlıqla məşğul olmağı tövsiyyə edirəm”

 

nasib

XALQ.AZ    109 saylı Balakən seçki dairəsinin deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Nəsib Məhəməliyev ilə müsahibəni təqdim edir.

 

Dosye:  Məhəməliyev Nəsib Məhəmməd oğlu 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

2015-ci  ildə keçirilmiş parlament seçkilərində  69,5 % səs çoxluğu ilə V çağırış Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

 

Seçicilər görüşlərdə hansı problemlərlə müraciət edirlər?

Seçicilər müxtəlif problemlərlə müraciət edirlər. Daha çox icra strukturlarına aid olan məsələlərlə müraciətlər olur. Işə düzəlmə məsələlərindən tutmuş torpaq, müalicə, bank kreditləri, kənd təsərrüfatı məhsullarının alışı, subartezian quyularının qazılması, müxtəlif formada yardımların göstərilməsi, elektrik təchizatının yaxşılaşdırılması, Balakən sərhəd rayonu olduğu üçün sərhəd-keçid məntəqələrində keçid prosedurlarının daha da sadələşdirilməsinixahiş edirlər.

 

Gənc seçicilərin iş tapmaq üçün müraciətləri ilə bağlı hansı tədbirlər görürsünüz?

Gənc seçicilərin işlə təmin olunması istiqamətində mövcud imkanlardan qanuna uyğun şəkildə maksimum istifadə etməyə çalışırıq. Bu sahədə respublikamızda cənab prezident İlham Əliyevin rəhbərliyi altında qlobal işlər görülmüşdür və görülür. Gənclərlə bağlı çoxsaylı sərəncamlar verilmiş və bir neçə dövlət proqramları icra olunmuşdur. Biz də gənclərlə görüşdə dövlətin onlar üçün yaratdığı şəraiti ətraflı izah edir, öz qabiliyyətlərinə, peşə hazırlığına, potensialına uyğun iş tapmaq üçün məsləhətlərimizi veririk. Mövcud qanunvericiliyə görə dövlət qulluğuna qəbul istisnasız olaraq test imtahanından keçməklə, müsabiqə və müsahibədə iştirak etməklə həyata keçirilir və müvafiq dövlət qurumları vaxtaşırı vakant yerlərlə bağlı elanlar verir. Sadəcə dövri mətbuatı və DİM-in rəsmi saytını izləməklə dövlət qulluğuna qəbul olmaq olar. Sahibkarlıq fəaliyyətilə bağlı dövlətimiz daim sahibkarların yanında olduğunu öz siyasətilə təsdiq edib. Hər bir gənc qısa müddət ərzində qeydiyyat sənədlərini hazırlayaraq müstəqil formada öz işini qura bilər. Yetər ki, istək, arzu və peşəkarlıq olsun. Konkret olaraq, şəxsi imkanlarımdan istifadə edərək uzun illər çalışmışam ki, gənclərin iş tapmaq problemlərində onlara dəstək olum. Amma etiraf etməliyəm ki, bu hər zaman alınmır. Bunun bir neçə səbəbi var. Onlardan biri əhalidə daha çox dövlət qulluğuna işə düzəlmək istəyidir. Dövlət qulluğunda isə təbii olaraq iş yerləri məhduddur. Gənclərlə görüşlərdə daha çox müstəqil iş qurmağı, sahibkarlıq fəaliyyətilə məşğul olmağı tövsiyyə edirəm. Çünki belə bir aksioma var. Hansı dövlət əmək resurslarından səmərəli istifadə edirsə, o dövlət daha çox inkişaf edər.

 

Milli Məclisdə iclaslarında  hansı qanunlara düzəlişlər və yenidən qəbul olunması təklif edəcəksiniz?

Milli Məclisin plenar iclaslarının birində Dövlət imtahan mərkəzinin nəzdində fəaliyyət göstərəcək respublika kadr bankının yaradılmasını təklif etmişdim. Elə bu məsələ Sizin əvvəlki suallarınıza da bir növ cavab olardı. Bir təklifim də “Sərhədyanı ticarət haqqında” qanun qəbul olunması ilə bağlı idi. Belə bir qanunun qəbulu hesab edirəm ki, bir çox problemlərin həllinə səbəb olardı. Ümumiyyətlə Azərbaycan iqtisadiyyatının, sosial və digər sahələrin hərtərəfli inkişafı üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Təbii ki, zaman keçdikcə bu və ya digər qanunlarda cəmiyyətin tələbatına, Azərbaycan dövlətinin maraqlarına uyğun dəyişikliyə zərurət yaranır və Milli Məclis qanunların operativliyinin təmin olunması baxımından onları təkmilləşdirir.

 

2018-ci ilin dövlət büdcəsi sizi qane edirmi? 

2018-ci ilin büdcəsi artıq qəbul olunub. Hesab edirəm ki, artıq uzun illər dünyada hökm sürən maliyyə böhranı fonunda budcə bu günkü gün adekvatdır. Əvvəlki büdcə ilə müqayisədə 20% çoxdur. Xalqımızın mənafeyinə uyğundur, sosial yönümlüdür və bir çox müsbət məqamlar öz əksini tapıb. Bir məsələni qey etmək istəyirəm. Əgər Siz dünyanın ən varlı, inkişaf etmiş ölkələrində belə sorğu keçirsəniz, orda mütləq deyəcəklər ki, pul çatışmır, çatsaydı bu işləri görərdik. Deməli, hər şey dəqiq hsablamalar nəticəsində aparılmalıdır. Əks halda biz hətta inkişaf etmiş ölkələrdə belə bəzi siyasətçilərin populist çıxışlarının necə mənfi hallara gətirib çıxardığının şahidi olmuşuq.

 

Fəaliyyətinizi bağlı məlumat verərdiniz, seçildiyiniz ərazi üzrə hansı işlər görülmüşdür? 

Rus yazıçısı Çexovun bir sözü var, “Əgər insan ağrı hiss edirsə o yaşayır. Əgər insan başqasının ağrısını hiss edirsə o, İNSANDIR. Xarakter etibarilə hər hansı bir reklamdan uzaq, təvazökarlığa üstünlük verdiyim üçün öz fəaliyyətimlə bağlı danışmağı sevmirəm. Bunu Allah və seçicilərim bilir. Amma bir faktı tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, mənə olunan müraciətlərdən elə birisi olmayıb ki, mən ona reaksiya verməyim, imkan daxilində köməklik göstərməyim. Elə bir müraciət olmayıb ki, onları aidiyyatı strukturlara çatdırmayım. Deməliyəm ki, bu mənim deputatlığımla və yaxud hansısa dövlət vəzifəsini tutmağımla bağlı deyil. Bu, mənim həyat tərzimdir.Seçildiyim Balakən rayonunda Respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə vətənimizin hər yerində olduğu kimi, çox böyük işlər görülmüşdür. Rayonda çox böyük infrastruktur layihələri icra olunmuşdur. Yeni məktəblər, xəstəxana, muzeylər, inzibati binalar, əlil və şəhid ailələri üçün evlər, uşaq bağçaları tikilmiş, bir çox məktəblər, uşaq bağçaları əsaslı təmir olunmuşdur. Yeni yollar salınmış, bir çox kənd yollarına asfalt döşənmişdir. Rayon ərazisindən keçən magistral yollarda əsaslı yenidənqurma işləri aparılır. Qazlaşdırma 100% aparılmışdır. Elektrik təchizatı yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüşdür. Yeni iş yerləri, emal müəssisələri açılmışdır. Abadlıq quruculuq işləri aparılmışdır və bu işlər hal-hazırda davam etdirilir.

 

2018-ci ildə gözləntiləriniz? 

2018-ci ildən doğma Azərbaycanımız üçün ilk növbədə əmin amanlıq, ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, sosial-mədəni, texniki uğurlar, xalqımızın rifah halının daha da yaxşılaşmasını, ən böyük problemimiz olan Qarabağ probleminin həllini, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtmasını arzu edirəm.

 

XALQ.AZ

 

 

 

Scroll to top