Nərimanovda hesabat

 

14 aprel 2017-ci il tarixdə “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbərliyi, Milli Məclisin deputatları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Paytaxtımızda təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədi ilə aidiyyəti qurumlarla birgə rayon ərazisində görülən işlərin icra vəziyyəti barədə məlumat verən, bu istiqamətdə bir sıra tədbirlərin davam etdirildiyini deyən natiq, İcra Hakimiyyətinin üzərinə düşən vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi ilə bağlı əlavə tapşırıqlarını verib.
Hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilərək, birinci rübün yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 652,5 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 100,2 faiz artım sürətinin əldə edildiyi, istehlakçılara 655,8 milyon manatlıq və ya bütün sənaye məhsulunun 107,4 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də birinci rüb ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 16,5 milyon manatlıq investisiyanın yatırıldığı vurğulanıb.
Hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi,  qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyi bildirilib.            Belə ki, rayon ərazisində yerləşən 4 ünvanda artıq tikinti işlərinə başlanıldığı, 4 ünvanda sakinlərin köçürülməsi prosesinin başa çatmaq üzrə olduğu, 14 ünvanda isə sənədləşdirmə işlərinin davam etdiridiyi nəzərə çatdırılıb.
Eyni zamanda, dövlətimizin başçısının xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti üzrə müvafiq fərmanlarına uyğun olaraq, habelə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti ilə Rusiya Federasiyası Həştərxan vilayətinin Hökuməti arasında əməkdaşlıq haqqında Niyyət Protokolu çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan İş Mərkəzinin inşasının panlaşdırıldığı qeyd olunaraq, hazırda həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılan bu layihənin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Həştərxanda sərgisinin və satışının təşkili üçün geniş imkanlar açacağına və bunun, nəticə etibarı ilə ölkənin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verəcəyi xüsusilə vurğulanıb.
Rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1260 iş yerinin yaradıldığı qeyd edilərək, yeni iş yerlərinin yaradılması ilə bağlı müəssisələr tərəfindən həyata keçirilən tədbirlərin Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq dəstəkləndiyi, bu sahədə onlara müvafiq köməklik göstərildiyi bildirilib.
Eyni zamanda, ötən rüb ərzində rayon rəhbərliyi tərəfindən 728 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 7 səyyar görüş və qəbullar zamanı edilən 68 nəfərin müraciətinin dinlənilərək öz müsbət həllini tapdığı, həmçinin  “Qaynar xətt-1643” xidmətinə daxil olmuş 135 müraciətdən 81-nin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatların verildiyi qeyd edilib.
Tədbirdə çıxış edən “MKT” MMC-nin baş direktoru Eldəniz Quliyev və Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Azər Əliyev rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərdən söz açaraq, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə 2017-ci ilin birinci rübündə görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.