Naftalanda hesabat

 

19 aprel 2017-ci il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.

19 aprel 2017-ci il tarixdə keçirilən hesabat yığıncağında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Şuranın üzvləri, kənd və şəhər nümayəndələri, bələdiyyə sədrləri və müəssisə rəhbərləri iştirak edirdilər.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib.
2017-ci ilin birinci rübündə ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 25.6 faiz artaraq 5 mln 930 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 19 faiz artaraq 572.2 min manat təşkil etmişdir. Əhaliyə 98 min manatlıq nəqliyyat xidməti göstərilmiş, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz artaraq 2 mln 563  min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 4 mln 646 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 283.1 manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 32,5 faiz artaraq 52,2 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 2016-cı ilin birinci rübünə nisbətdə 11.6 faiz artaraq 329,8 min manat, tikinti-quraşdırma işləri isə 86,5 faiz artaraq  850,5  min manat təşkil etmişdir.
Şəhərin büdcəsi gəlirləri hesabına 409,4 min manat planlaşdırıldığı halda 509,9 min manat olmuşdur. Yəni nəzərdə tutulduğundan 25 faiz artıq olmuşdur. Xərcləri isə 349,9 min manat olmuşdur. 2016-cı ildən Naftalan şəhəri öz turizm potensialı, eləcə də dünyada  tanınan istirahət və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına xərclərini təmin edən rayon və şəhərlərin sırasına daxil edilmişdir.
2017-ci ilin yanvar-fevral aylarında  nazirlik və komitələr tərəfindən 176 yeni iş yeri açılmış və 175 nəfər işlə təmin olunmuşdur. Onlardan 16 nəfəri şəhərin beşmərtəbəli yaşayış binalarının giriş və mərtəbələrinin təmiri işlərinə, 106 nəfəri isə abadlıq, təmizlik və yaşıllaşdırma işlərinə cəlb edilmişdir.
Qeyd etdi ki, Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə artıq bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz tibbi müayinəsi həyata keçirilir. Ölkə başçısının növbəti tapşırığına uyğun olaraq cari ilin fevral ayının 15-dən respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır. Bugünədək 7 mindən çox sakinin pulsuz tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Hazırda şəhər Xəstəxanası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə şəhərdə yeni xəstəxananın tikintisi işləri hesabat dövründə davam etdirilmişdir. 5 mərtəbədən ibarət olacaq xəstəxana 65 çarpayı üçün nəzərdə tutulub. Artıq binada üst mərtəbələrin tikintisinə başlanılıb.
Son illər ərzində şəhərdə bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Bu işlərin başa çatması ilə şəhərin estetik gözəlliyinin bərpasına başlanılmışdır. Belə ki, küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında səliqə-səhman yaradılmış, abadlıq və yenidənqurma işləri xüsusi diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövründə çoxmənzilli yaşayış binalarının qarşısında salınan mini istirahət parklarında və piyada yollarının kənarında 250-ə yaxın eldar şamı  və ümumilikdə 1000-dən artıq çinar ağacı əkilmişdir. Gələcəkdə də Naftalanın kurort iqlimini qorumaq üçün ağac əkini davam etdiriləcəkdir. II mikrorayonun ərazisinə 3350 p/m uzunluğunda yeni yol daşı düzülmüşdür. Yaxın vaxtlarda yeni asfalt örtüyünün döşənməsinə başlanılacaqdır. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz şəkildə dayanması məqsədilə  xüsusi yerlər düzəldilmişdir. Çoxmənzilli yaşayış binalarının girişlərində aparılan təmir işləri hesabat dövründə davam etdirilmiş, bu dövrdə  1 və 2 nömrəli beşmərtəbəli yaşayış binasının blokları əsaslı təmir olunmuş, suvaq və rəngləmə işləri aparılmışdır. Qeyd olunan işlər mərhələli şəkildə digər binlarda  da aparılacaqdır.
Hesabat dövründə 10 mərtəbəli, 42 otaqdan ibarət yeni “Avtovağzal Otel” komleksində tikinti işləri davam etdirilmişdir. Şəhərdə əsaslı təmirinə başlanılmış Əlillərin Regional Bərpa mərkəzində aparılan tikinti işləri gecikdirilməklə icra olunmuşdur.
Məlumdur ki, qeyri-neft sektorunun mühüm sahəsi olan turizm şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsidir. Bu gün ölkə başçısının Naftalan kurort şəhərinin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin həyata keçirilməsi  nəticəsində Naftalan şəhəri turistləri özünə cəlb edir. Qeyd etməliyəm ki, 2017-ci ilin ilk rübündə turistlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faiz artım müşahidə olunmuşdur. Birinci rübdə şəhərin turizm obyektlərində 4000 turist qeydə alınmışdır ki, bunun da 1650 nəfəri xarici turistlər olmuşdur.
Hesabat dövründə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatına 37 müraciət daxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müaraciətlərin sayı 44 faiz azalmışdır.
Naftalan Şəhər İcra Hakimyyətinin başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etmişdir ki, Naftalan şəhərində həyata keçirilən genişmiqyaslı işlər, reallaşan layihələr,  qarşıda duran  vəzifələr bizə inamla onu deməyə əsas verir ki, 2017-ci il də şəhərimizdə yeni nailiyyətlərlə yadda qalacaq və uğurla başa çatacaqdır.
Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2017-ci ilin birinci rübündə  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Xəstəxanasının baş həkimi Orxan Bağızadə və Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Naftalan şəhərindəki nümayəndəsi  Zöhrab Adıgözəlov çıxış etdilər.