Naftalanda şura iclası keçirildi

Naftalan

15 iyul 2014-cü il tarixdə Naftalan şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2014-cü ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə  dair hesabat iclası keçirildi.

Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edirdi. İclası giriş sözü ilə açan Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etmişdir ki, Respublikanın digər bölgələri kimi Naftalan şəhəri də sürətlə  inkişaf edir, uzun illərdən qalmış, əhalini narahat edən bir çox problemlər aradan qaldırılır və  bu ilin ötən dövrü ərzində də şəhərdə nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir. Əldə olunan sosial-iqtisadi göstəricilər  şəhərin hərtərəfli inkişaf yolu ilə irəlilədiyini bir daha təsdiq edir.

2014-cü ilin altı ayında ötən  ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışının həcmi 69 faiz artaraq 6462 min manat, sənaye məhsulunun həcmi 118 faiz artaraq 886 min manat olmuşdur. Nəqliyyat sahəsində görülən işlərin həcmi 179 min manat, rabitə sahəsində göstərilən xidmətlər 86 min manat təşkil etmişdir. Əhaliyə 5058 min manatlıq pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi  6644 min manat,  bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 116 faiz artaraq 277 manat olmuşdur. Bu dövrdə şəhərin büdcəsi subsidya ilə birlikdə 1977 min manat, xərcləri isə 1349 min manat olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 47 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyin edilmiş, əhaliyə pensiya və müavinət  ödənişi üzrə borc qalmamışdır. 49 ailənin 200 ailə üzvünə Ünvanlı Dövlət Sosial Yardım təyin edilmişdir.
Şəhərdə tikinti və quruculuq sahəsində xüsusilə böyük işlər görülmüş və hazırda davam etdirilir. Ötən müddət ərzində yeni avtovağzal komleksinin, şəhər  Polis şöbəsinin və Naftalan Bələdiyyəsinin yeni inzibati binasının tikintisi işləri davam etdirilmişdir.

“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə ”Dövlət Proqramı”na uyğun olaraq  beynəlxalq standartlara cavab verən, yüksək zövqlə inşa edilən 264 yerlik “Qarabağ” sanatoriyasında  tikinti işləri başa çatmaq üzrədir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin şəhərimizin sosial-iqtisadi inkişafı məqsədilə müvafiq Sərəncamlarına əsasən 6 km uzunluğunda Naftalan-Qaşaltı-Qaraqoyunlu avtomobil yolu  əsaslı təmir olunmuş, eləcə də çoxmənzilli yaşayış binaları əsaslı təmir olunur. Ən əsası isə yaxın vaxtlarda yeni 80 yerlik Mərkəzi Şəhər Xəstəxanasının tikintisinə başlanılacaqdır. Hazırda layihə smeta sənədləri hazırlanır.

Ümumiyyətlə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər ərazisində geniş abadlıq  və tikinti  işləri aparılmışdır. 2014-2018-ci illəri əhatə edən yeni Dövlət Proqramında da  Naftalan şəhəri üzrə bir çox mühim tədbirlər nəzərdə tutulmuşdur ki, bu da şəhərimizin gələcək inkişafına öz töhfəsini verəcəkdir.
Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirmişdir ki,   Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərlə yanaşı şəhərin sosial-iqtisadi inkişafı üçün həlli vacib olan bir sıra tədbirlər də həyata keçirilir. Belə ki, sel sularının qarşısının alınması üçün hazırda Qaşaltı Qaraqoyunlu kəndində daş-beton qoruyucu bəndin tikintisi işləri davam etdirilir.

Şəhərdaxili yollara yeni asfalt örtüyünün  salınması məqsədilə yeni yol daşları da düzülür. Bundan başqa şəhər ərazisində yağış sularının axıdılması üçün yeni xətlərin çəkilişi işləri də davam etdirilir.
Altı ay ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyəti aparatında   74  nəfər  vətəndaş  qəbul edilib dinlənilmiş və şəhərin müxtəlif yerlərində 11 səyyar görüş keçirilmişdir. Keçirilən qəbul və səyyari  görüşlər  zamanı hər bir müraciət qeydə alınmış və icrasına ciddi nəzarət  edilmişdir.

Son illər Naftalanın sürətli inkişafı Azərbaycandan kənarda da şəhərimizə marağın artmasına səbəb olmuş və bu xarici qonaqların gəlməsinə müsbət təsir göstərmişdir. Əvvəlki illərlə müqayisədə şəhərimizə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı xeyli artmışdır. 2014-cü ilin 6 ayında  bu rəqəm 5000 nəfərə çatmışdır ki, bu da 2010-cu illə müqayisədə 2 dəfə artıqdır. Bu insanların buraya gəlmələrinin səbəbi isə təbii ki, dövlət başçısının nəzarəti altında Naftalan kurortunun dünyada tanınması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident cənab İham Əliyevin dediyi kimi: vaxtilə Ümumittifaq turizm mərkəzi kimi tanınan Naftalanı, bu gün biz  beynəlxalq turizm mərkəzinə çeviririk.

Həqiqətən də son illər şəhərimizin çox sürətli inkişafının nəticəsidir ki, digər xarici ölkələrin turizm şəhərlərinin şəhərimizlə beynəlxalq  əlaqələr qurması hər il ənənə halı almışdır. Cari ilin keçən dövrü ərzində Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano şəhəri ilə yanaşı  Rusiya Federasiyasının Yesentuki və Polşanın Uneyov şəhərləri ilə  əməkdaşlıq edir.
Naftalan şəhər İcra Hakimyyəti başçısı Natiq Aslanov çıxışına yekun vuraraq qeyd etmişdir ki, 2014-cü ilin altı ayı şəhərimiz  üçün uğurlu olmuş və mən fürsətdən istifadə edərək naftalanlılar adından  şəhərimizin tərəqqisinə, gündən-günə çiçəklənməsinə göstərilən diqqət və qayğıya, isti münasibətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2014-cü ilin birinci yarısında  görülmüş işlər və qarşıda duran vəzifələrə  dair şəhər İcra Hakimiyyətinin başçısının hesabat məruzəsi ətrafında şəhər Maliyyə şöbəsinin rəisi S. Tağıyev və şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru S. Həsənov çıxış etdilər.