Naftalanda xarici turistlərə sürpriz-Fotolar

Respublikanın beynəlxalq turizm mərkəzlərindən olan Naftalanın istirahət məkanlarında Novruz tətili günlərində boş yer olmayıb. Buradakı “Chinar”, “Gashalti Health Hotel” və “Garabag Resort & SPA” otellərində Novruz bayramı və sonrakı ilk 3 gün ərzində 2 min 500 nəfərdən çox turist həm istirahət edib, həm də müalicə alıb.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev  bildirib ki, bu kurort-sanatoriya və əyləncə mərkəzlərində istirahət edən turistlərdən 350 nəfəri müxtəlif ölkələrdən gələn xarici turistlər olub. Həmin turistlər içərisində Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkiyə və İsrail vətəndaşları üstünlük təşkil edib.

Novruz bayramı günlərində Naftalan şəhərindəki bütün istirahət-sağlamlıq və əyləncə mərkəzlərində qonaqlar üçün açıq havada yarmarka təşkil edilib. Daha sonra Novruz bayramı münasibətilə şou proqram nümayiş olunub. Rəqs qruplarının çıxışı, müğənnilərin ifası və müxtəlif əyləncəli proqramlar, eləcə də Novruz atributlarının təqdimatı xarici turistlərin istirahətini daha da mənalı və yaddaqalan edib.