Naftalanda yeni sağlamlıq mərkəzləri açılacaq

Naftalanın kurort şəhəri kimi inkişafının əsasını Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, qəbul edilən proqramlar və qarşıya qoyulan vəzifələrin icrası təşkil edir. Məhz həmin vəzifələrin yerinə yetirilməsinin nəticəsidir ki, Naftalan son illərdə beynəlxalq turizm mərkəzinə çevrilib. Qısa müddətdə xarici turistlərin sayındakı artım Naftalanda yeni sağlamlıq mərkəzlərinin tikilməsini zəruri edib. Hazırda Naftalanda şəhər infrastrukturunun təkmilləşdirilməsi və geniş quruculuq işləri davam etdirilir.

XALQ.AZ məlumat verir ki,  bu barədə Naftalan şəhərində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında danışılıb.

Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanovun məruzəsində qeyd olunub ki, 2017-ci ildə Naftalanda ümumi məhsul buraxılışı ötən illə müqayisədə 28,9 faiz artaraq 23 milyon 366,6 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 3,5 faiz artaraq 2 milyon 160,2 min manat təşkil edib. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 2 milyon 19,8 min manat, tikinti-quraşdırma işləri isə 57,6 faiz artaraq 11 milyon 161 min manat olub.

Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 2 milyon 496 min manat planlaşdırıldığı halda 2 milyon 851,6 min manat təşkil edib. Yəni nəzərdə tutulduğundan 14,2 faiz artıq olub. Xərclər isə 2 milyon 363,143 min manat edib. 2018-ci il yanvarın 1-də şəhər əhalisinin sayı 10,57 min nəfərə çatıb.

Vurğulanıb ki, artıq 2 ildir Naftalan şəhəri bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. Naftalan buna əvvəlki şöhrətini bərpa etməsi, son illərdə yaradılan müasir kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına nail olub.

Şəhərdə aparılan tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verən icra hakimiyyətinin başçısı bildirib ki, hazırda Yeni Avtovağzal otel kompleksində davam etdirilən tikinti işlərində 30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Yenidən qurulan onmərtəbəli Naftalan mehmanxanasında 30 nəfər müvəqqəti işlə təmin edilib. Mehmanxana istifadəyə verildikdən sonra burada 55 nəfər daimi işlə təmin ediləcək.

Naftalan nefti əsasında müalicə olunmaq istəyən turistlərin, eləcə də səhhətində müəyyən problemlər olan insanların sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzinin tikintisi davam etdirilir. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarət olacaq. Hazırda müalicə mərkəzində son tamamlama işləri aparılır. Mərkəz istifadəyə verildikdən sonra burada 25 nəfər daimi işlə təmin ediləcək.

Həmçinin şəhər sakinlərinə və buraya gələn yerli və xarici turistlərə göstərilən iaşə xidmətinin səviyyəsinin daha da yüksəldilməsi üçün 2017-ci ildə təməli qoyulan müasir iaşə xidməti obyektində də tikinti işləri davam etdirilir. 2018-ci ilin mayında açılışı nəzərdə tutulan iaşə mərkəzində daimi olaraq 15 nəfər işləyəcək.

Ümumilikdə son illərdə sahibkarlar tərəfindən tikilib istifadəyə verilmiş müasir səviyyəli yeni üçulduzlu və beşulduzlu müalicə və istirahət mərkəzlərində hazırda 1000 nəfərə yaxın vətəndaş işləyir.

Bundan başqa, bir çox investorların şəhər icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinə təqdim etdikləri tikinti layihələri şöbə tərəfindən qanunamüvafiq qaydada baxılaraq təsdiq edilib və tikintiyə başlanılması məqsədilə müvafiq rəylərin alınması üçün aidiyyəti orqanlara göndərilib. Eləcə də yeni iş yerlərinin açılması nəzərə alınaraq Naftalan neftindən müxtəlif növ kosmetik vasitələrin və dərman preparatlarının hazırlanması üçün zavodun tikintisinin gəlirli sahə olduğu məqsədə müvafiq hesab edilərək sahibkarlara təkliflər edilib.

2017-ci ildə dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında Naftalanda 174 nəfər işlə təmin olunub. Məşğulluq Mərkəzi tərəfindən 36 nəfərə işsizlik statusu təyin olunub, 44 nəfərə işsizlik müavinəti ödənilib. Ümumilikdə mərkəzə müraciət edən 401 nəfər işaxtarandan 221 nəfəri işlə təmin olunub.

Ötən il yeni şəhər xəstəxanasının tikintisi işləri də davam etdirilib. Dördmərtəbəli şəhər xəstəxanasının inşasında 100 nəfər işçi çalışır.

2017-ci ildə şəfa tapmaq, eləcə də istirahət etmək məqsədilə Naftalana üz tutan yerli və xarici turistlərin sayı əvvəlki illə müqayisədə 40 faiz çox olub. Bu dövrdə Naftalanın turizm obyektlərində 35 mindən artıq turist qeydə alınıb ki, bunun da 7309 nəfəri 62 ölkədən gələn xarici turistlər təşkil edib. Bu həm də paytaxtdan sonra bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir. Xarici ölkələrdən gələnlərin sayında isə 2016-cı illə müqayisədə 32 faiz artım müşahidə olunub. Burada il ərzində daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər istirahət edib, yaxud müalicə alıblar.

Hesabat ilində Naftalanın müalicəvi əhəmiyyətli neft vannalarında ilk dəfə olaraq Asiya qitəsindən Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Yeni Zelandiya, Filippindən, Amerika ölkələrindən Kanada, Meksika, Braziliya və ABŞ-dan, Afrika respublikalarından, hətta uzaq Avstraliyadan gələn turistlər sağlamlıqlarını bərpa ediblər.

Ümumilikdə son illərin statistikası onu göstərir ki, Naftalan nefti ilə müalicə olunmaq və ya istirahət etmək üçün Naftalana üz tutanların sayı ildən-ilə artır. Hazırda şəhərdə fəaliyyət göstərən üçulduzlu və beşulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzi fəaliyyət göstərir ki, bu turizm obyektlərində gün ərzində 2 min 200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2017-ci il ərzində Naftalanın bütün otelləri və sağlamlıq mərkəzləri yüksək göstəricilərlə fəaliyyət göstərib.

“TurStat” analitik agentliyinin məlumatında Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort yeri sayılıb. Bundan başqa, Özbəkistanın “Kultura.uz” portalında möcüzəli və şəfaverici Naftalan nefti haqqında rus dilində yayılmış geniş məqalədə Naftalanın Müstəqil Dövlətlər Birliyinin ən yaxşı sanatoriyalarından biri kimi tanındığı qeyd edilib.

2017-ci ildə şəhərin turizm potensialının tanıdılması, o cümlədən ölkəmizin sağlamlıq turizminin daha geniş təbliği məqsədilə şəhərdə fəaliyyət göstərən turizm obyektlərinin nümayəndələri ölkədə və xaricdə keçirilən sərgilərdə iştirak edib, ziyarətçilərə Naftalan şəhəri, onun müalicəvi əhəmiyyətə malik olan Naftalan nefti və göstərdikləri xidmətlər haqqında ətraflı məlumatlar veriblər.

Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov hesabat yığıncağında çıxış edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.

Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.