“Nar” 2018-ci ildə şəbəkəni gücləndirəcək

“Nar” 2017-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki planlaşdırılmış genişmiqyaslı işləri uğurla həyata keçirərək yüksək nəticələr əldə etdi.
 Belə ki, il ərzində mobil operatorun baza stansiyalarının ümumi sayı 6500-ü ötüb keçdi, işğaldan azad edilmiş ərazilərdə şəbəkənin təmin edilməsi istiqamətində işlər görüldü, şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərə çarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edildi.
 2017-ci ildə 400-dən çox 4G (LTE) baza stansiyası quraşdıran “Nar”, LTE stansiyalarının sayını 1000-ə çatdırdı, Gəncə şəhəri və ətraf bölgələrdə 4G baza stansiyaları quraşdıraraq bölgələrdə LTE şəbəkəsinin təmin edilməsi prosesinə uğurla start verdi. Planlaşdırıldığı kimi LTE-A (LTE Advanced) şəbəkəsinin Bakı və Abşeron yarımadasını əhatə etməsi təmin edildi. 300-dən çox 3G baza stansiyasının quraşdırılması ilə 3G stansiyalarının ümumi sayı 2500-ü keçdi. 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərindən 3G IP (Internet Protocol) xətlərinə keçid baş tutdu. Nəticədə 3G şəbəkəsinin 99,7%-nin IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərməsi təmin edildi və baza stansiyalarının IP transmissiya zolağı boyunca son məntəqələr arasındakı əsas daşıyıcı transmissiya xətlərinin tutumunun şəbəkə üzrə artımı 2016-cı il ilə müqayisədə ümumilikdə 70%-ə çatdırıldı.
Görülmüş işlər sayəsində “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail oldu. Belə ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində “Nar”-ın şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail oldu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirdi və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslandı.
“Nar” 2018-ci ildə də təkmilləşdirmə işlərini davam etdirməyi, şəbəkəsini daha da mükəmməlləşdirərək həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.