Naxçıvan inamla, uğurla inkişaf edir

65

 

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin SİA-ya müsahibəsi:

  • Vüqar müəllim, cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ölkə başçısı Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərək, bir sıra məsələlərə toxundu və xüsusilə Ermənistanın ünvanına mesajlar ünvanladı. Bu səfər barəsində nə deyə bilərsiniz?

  • Möhtərəm Prezidentimiz İlham Əliyevin Naxçıvan Muxtar Respubilkasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdiyi kimi, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, sürətli inkişaf yolu keçib. Milli istiqlaliyyətin inkişafı yolunda Naxçıvanın atdığı cəsarətli addımlar xalqımız tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. 1993-cü ildən sonra müstəqil dövlət olaraq varlığını dünyaya sübut edən, xaosdan, anarxiyadan, özbaşınalıqdan, böhrandan xilas olaraq tərəqqi yoluna çıxan, daha dəqiq desək, yenidən qurulan müasir Azərbaycan kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bugünkü inkişafı, ən başlıcası mövcudluğu da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının vurğuladığı kimi, Naxçıvan əhalisi dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin, sərhədlərimizin toxunulmazlığının qorunması, Azərbaycanın demokratik, sivil, hüquqi dövlət kimi tanınması, dünya birliyində yeri və rolunu artırması və əsas söz sahibi olması üçün ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı uğrunda mübarizənin fəal iştirakçıları olub. Bir məqamı da qeyd edək ki, 90-cı illərin əvvəllərində sovetlər birliyinin dağılması ərəfəsində yaranmış vəziyyətdən istifadə edən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası baş qaldıranda Muxtar Respublika da çətin sınaq qarşısında qaldı. Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yollar bağlandı, Naxçıvan blokada şəraitində yaşamağa başladı. Azərbaycanın o vaxtkı rəhbərliyinin muxtar respublikanın taleyinə laqeyd münasibəti vəziyyəti daha da çətinləşdirdi. Naxçıvanlılar ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, torpaqlarını müdafiə etdilər. 1993-2003-cü illərdə də ümummilli lider Heydər Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Muxtar Respublikaya qayğısını və diqqətini əsirgəmədi. Onun Azərbaycana qayıdışı dövründə Muxtar Respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində fərman və sərəncamlar imzalandı, qərarlar qəbul olundu. Ulu öndər Heydər Əliyevin siyasi kursunun son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın uğurlu gələcəyi üçün geniş imkanlar açır. Bu gün hər bir bölgənin tərəqqisi dövlət başçısının diqqətindədir. Naxçıvan da gündən-günə yeniləşir, inkişaf edir. Abadlıq, quruculuq işləri Muxtar Respublikada da geniş vüsət alıb. Hər bir kənddə, yaşayış məntəqəsində, qəsəbədə əhalisinin sayından asılı olmayaraq müasir avadanlıqlarla təchiz olunmuş məktəblər, səhiyyə ocaqları tikilmiş, yeni yollar çəkilmişdir. Təbii ki, bütün bunlar insanların normal yaşayışını təmin edən amillərdir. Azərbaycanda son illərdə görülən işlərin uğurlu nəticələrini Naxçıvanın timsalında görmək olar. Qeyd etdiyimiz kimi, sürətlə inkişafın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirməsinin və Naxçıvan Muxtar Respubilkası Ali Məclisinin sədri Vasif Talıbovun muxtar respublikaya rəhbərliyinin nəticəsidir. Bu gün fəxr hissi ilə qeyd edirik ki, Muxtar Respublika ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.

Dövlət başçısı İlham Əliyevin çıxışında müstəqil Azərbaycanımızın, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunu geniş təhlil etməklə yanaşı, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, xalqımıza qarşı edilən ədalətsizliklərə də diqqət yönlətmişdir. Əzəli torpağımız olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verildiyini bir daha xatırladan dövlət başçısı İlham Əliyev bu inamı da ifadə etmişdir ki, vaxt gələcək biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Möhtərəm Prezidentimizin elə bir səfəri, elə bir çıxışı yoxdur ki, Dağlıq Qarabağ probleminə diqqət yönəltməsin, bununla bağlı dövlətimizin qətiyyətli, dəyişməz mövqeyini bəyan etməsin. Çıxışında Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yaradıldığını faktlar əsasında diqqətə çatdıran möhtərəm Prezidentimiz İlham Əliyev bu inamı da ifadə etdi ki, güclü Azərbaycan və güclənən Azərbaycan bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə imkan verəcək. Azərbaycanın hər bir məsələ ilə bağlı prinsipial mövqeyinin olduğunu bəyan edən dövlət başçısı beynəlxalq hüquq və ədalətin hər bir ölkə üçün əsas prinsip olduğunu diqqətə çatdırdı.

Ümumilikdə dövlət başçısı İlham Əliyevin hər bir bölgəyə səfəri mühüm addımlarla yadda qalır. Yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilir. İctimaiyyət nümayənləri ilə keçirdiyi görüşlər, onların qayğıları ilə yaxından tanış olması bir daha bu gerçəkliyi təsdiqləyir ki, dövlətin həyata keçirdiyi siyasətin önündə vətəndaş amili dayanır. Bu fikir möhtərəm Prezidentimizin çıxışında da öz əksini tapdı ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Gələcəyə böyük ümidlərlə, nikbinliklə baxırıq. Gələcəyimzin daha da gözəl olmasına əminliyini ifadə edən dövlət başçıçı bildirdi ki, irəliyə getmək üçün yolumuz açıqdır. Bu yolun təməlini ulu öndər Heydər Əliyev qoyub. Yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz.

  • Azərbaycan Prezidenti İlham Əliyev İrana səfər edib. Ümumiyyətlə, Azərbaycan-İran əlaqələrini necə şərh edərdiniz?

  • Əsrlərə söykənən Azərbaycan-İran dostluq əlaqələri müxtəlif sahələri əhatə edir. Azərbaycanla İranı biri-birinə bağlayan ortaq tarix və mənəvi dəyərlər çox zəngindir. Bəllidir ki, yaxın qonşumuz olan İranda 30 milyondan artıq soydaşımız yaşayır. Bu ölkədə əmin-amanlığın mövcudluğunu soydaşlarımızın da təhlükəsizliyi üçün başlıca amil hesab edən, əməkdaşlığın beynəlxalq hüquq normaları çərçivəsində inkişafında maraqlı olan Azərbaycan İranla qarşılıqlı əlaqələrin səmimi münasibətlər əsasında inkişaf etməsində maraqlı olduğunu hər zaman atdığı addımları ilə təsdiqləyir. Eyni mənəvi dəyərlərdən qaynaqlanan Azərbaycan-İran əlaqələrinin bugünkü səviyyəsi hər iki dövlətin maraqlarına uyğundur.

Bu gün bölgədə sabitliyin, əmin-amanlığın yaranmasına səy göstərən Azərbaycanın üzləşdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dost ölkədən gözləntiləri var. Düşünürük ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən İran işğalçı Ermənistana öz sərt mövqeyini nümayiş etdirəcək.

Təbii ki, hər bir səfər münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr yeni-yeni istiqamətlərin müəyyənləşdirilməsinə stimul verir.

  • Artıq xeyli müddətdir ki, Ermənistan AES-in qorunub saxlanılmasına çalışır. Sizcə bu, Cənubi Qafqaz və qonşu ölkələr üçün hansı təhlükəyə səbəb ola bilər?

  • Bu günlərdə Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitindəki çıxışında da dövlət başçısı İlham Əliyev Ermənistan AES-in bütün region və yaxın qonşular üçün böyük təhdid olduğunu bildirdi. Təbii ki, nüfuzlu beynəlxalq qurumlar tərəfindən təşkil olunan sammit və zirvə görüşlərində «müharibələrə yox» çağırışlarının gündəmə gətirilməsinin də əsas məqsədi dünyanı ən qorxunc, milyonlarla insanın həyatına son qoyacaq nüvə təhlükəsindən qorumaqdır. Dünya liderləri nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu kabusun qarşısının alınması üçün birgə səylərin davam etdirilməsinin vacibliyini bildirirlər. İllərdən bəri erməni terrorizmindən və işğalçılıq siyasətindən əziyyət çəkən, beynəlxalq terrorizmlə mübarizə koalisiyasının etibarlı üzvü kimi terrorun bütün hallarına qarşı barışmaz mövqeyinə sadiq qalan Azərbaycanın dövlət başçısı İlham Əliyev həmin çıxışında nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində BMT-nin göstərdiyi səyləri dəstəklədiyini bildirmişdir. Qeyd olunmuşdur ki, BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid maraqlı müzakirələr təşkil etmişdir. Prezident İlham Əliyev təəssüflə bildirmişdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət edə bilməməsi Ermənistanın terrorçularla əməkdaşlığına, narkotik, psixotrop vasitələrin yetişdirilməsi və nəqlinə münbit şərait yaradır. Dövlət başçısının vurğuladığı kimi, Ermənistanın təxminən 40 il əvvəl seysmik zonada tikilmiş və artıq istismar müddəti sona çatmış AES-in yaratdığı təhlükə region və yaxın qonşular üçün də böyük təhdiddir. Çünki Çernobıl AES-də olduğu kimi işğalçı Ermənistan ərazisində olan AES-in törədəcəyi hər hansı qəzanın nəticələri də faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib. Baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır. Bu cür müasir standartlara cavab verməyən AES-lər dünyada real təhlükə mənbəyi olmaqla ekoloji təhlükəsizlik baxımından da zərərlidir.

İqtisadiyyatının inkişafını ən yeni və müasir texnologiyaların tətbiqi ilə sürətləndirməyə üstünlük verən Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca maraqlıdır, bu sahədə birgə səylərin davam etdirilməsi işinə sadiqdir.