Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

14

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfiri İrfan Siddiq ilə görüşmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Xalq.az-a bildirmişlər ki, İrfan Siddiqi Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Ali Məclisin Sədri Vasif Talıbov səfirin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir.
Böyük Britaniyanın ölkəmizdəki səfirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında bir sıra layihələrin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri bundan sonra da ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən səfir İrfan Siddiq Naxçıvan Muxtar Respublikasına səfərinin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan qonaq diplomatik fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Görüşdə əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.