Naxçıvanda açılış

13

 

Naxçıvan Muxtar Respublikasında Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilib.

Xalq.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında elektroenergetika sisteminin inkişafı ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istismara verilir. Hazırda muxtar respublikada 6 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri yüksək qiymətləndirərək deyib: “Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır”.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq sentyabrın 9-da Şərur rayonunda inşa olunan Arpaçay Su Elektrik Stansiyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov bildirib ki, son 10 ildə muxtar respublikada Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan su elektrik stansiyası, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, Naxçıvan Modul Elektrik Stansiyası və Biləv Su Elektrik Stansiyası tikilərək istifadəyə verililib. Bu gün isə Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilir. Ali Məclisinin Sədri Vasif Talıbov elektrik enerjisindən qənaətlə istifadənin vacibliyinə diqqəti çəkərək deyib: “Elektrik enerjisindən istifadə zamanı qənaət prinsipinə əməl etmədən bu sahədə inkişafa nail olmaq mümkün deyildir. Ona görə də muxtar respublika energetikləri bunu daim diqqət mərkəzində saxlamalı, enerjidən istifadə zamanı israfçılığın qarşısı alınmalıdı. Bu işlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulmuşdur. Məqsəd enerji itkisinin 3-4 faizə endirilməsinə nail olmaqdan ibarətdir”.

Ali Məclisin Sədri muxtar respublika energetiklərinin öz üzərlərində işləyərək bilik və bacarıqlarını artıracaqlarına, energetika sisteminin qorunmasına və bu sahənin səmərəli işlədilməsinə töhfələrini verəcəklərinə əminliyini bildirib, stansiyanın tikintisində əməyi olanlara təşəkkür edib, açılışı bildirən lenti kəsib