Naxçıvanda müşavirə keçirilib

55

Müşavirədə elm və təhsil müəssisələrində qarşıda duran vəzifələr müzakirə edilib

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində elm və təhsil müəssisələrində qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq deyib: “Elm və təhsilin inkişafı hər bir ölkədə prioritet sahədir. Çünki yüksək təhsilli və geniş dünyagörüşə malik vətənpərvər gənclərin yetişdirilməsi ölkənin gələcəyini təmin edir. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə elm və təhsilin inkişafını, ixtisaslı kadrların hazırlanmasını, vətənpərvər gəncliyin formalaşdırılmasını daim diqqət mərkəzində saxlamışdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu sahəyə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunan və xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artır, ölkəmizdə müxtəlif elm sahələri yaradılır, elmin iqtisadiyyata tətbiqi genişləndirilir. Bütün bunlar isə elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsini, bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsini tələb edir”.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli elm və təhsil müəssisələrində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
sədri Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayev müzakirə olunan məsələ ilə bağlı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Muxtar respublikada təhsil sahəsində ardıcıl tədbirlər görülür. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Bütün bunlar onun üçündür ki, təhsil daha səmərəli idarə olunsun, təhsil bazası daha da möhkəmləndirilsin, məktəbli və gənclərin ən qabaqcıl təhsilə yiyələnmələrinə əlverişli şərait yaradılsın”.

Ali Məclisin sədri aidiyyəti təşkilatlara konkret tapşırıqlar verərək deyib: “Yaradılanların müqabilində Naxçıvan Muxtar
Respublikasının Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tədris prosesinin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun qurulmasını təmin etməlidirlər. Professor-müəllim heyəti pedaqoji etika normalarına riayət etməli və müəllim nüfuzunu yüksək tutmalıdır. Təhsil müəssisələrinə kompyuterlər, elektron lövhələr verilir, yeni fənn kabinələri yaradılır, bir sözlə, təhsil müəssisələri müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Buna baxmayaraq, şagird, tələbə və müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından, elektron lövhələrdən və digər texniki vasitələrdən sərbəst və səmərəli istifadələri tələb olunan səviyyədə deyil. Bu sahəyə nəzarət gücləndirilməli, təlim prosesinin qabaqcıl texnologiyalar və yeni təlim üsullarına uyğun qurulması təmin olunmalıdır. Bununla yanaşı, müəllimlərin ixtisas, elmi-pedaqoji səviyyələrini və peşə biliklərini mütəmadi olaraq artırmaları diqqətdə saxlanılmalıdır. Bəzi müəllimlər öz üzərlərində çalışmırlar. Onlar müasir təlim metodlarından istifadə edə bilmir, dərslərə xüsusi hazırlaşmır, məlumat üçün əlavə mənbələr axtarmırlar. Belə halların aradan qaldırılması üçün müəllimlərlə sistemli iş aparılmalı, onların hazırlıq səviyyəsinin artırılması nəzarətə götürülməlidir”.

Qeyd olunub ki, kitab mütaliəsinə marağın artırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasında ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublika Kitabxanasında, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elektron kitabxanalar, eləcə də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana xidməti yaradılmışdır. Buna baxmayaraq, alim və tədqiqatçılar, müəllim, tələbə və şagirdlər yaradılan elektron və ənənəvi kitabxanalardan lazımi səviyyədə istifadə etmirlər. Bu, təhsil və elm müəssisələrinin rəhbərlərini düşündürməlidir.

Ali Məclisin sədri deyib: “Təhsil müəssisələrində şagird və tələbələrdə fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması, onların
vətənpərvərlik və Azərbaycançılıq ruhunda tərbiyə edilməsi sahəsində də fəaliyyət artırılmalıdır. Şagird və müəllimlərin fiziki sağlamlığının təmin olunması məqsədi ilə təhsil müəssisələrində bədən tərbiyəsi və idman dərslərinin təşkili ciddi nəzarətə götürülməli, bu dərslərdə idman geyim formalarına əməl olunmalıdır. Bugünkü gənclərin xarici dil bilməsi olduqca vacibdir. Təhsil müəssisələrində xarici dillərin tədrisi səviyyəsinə nəzarət gücləndirilməlidir. Bununla yanaşı, istedadlı şagirdlərin və tələbələrin üzə çıxarılması məqsədi ilə də zəruri tədbirlər görülməli və onlar üçün lazımi şəraitin yaradılmasına diqqət artırılmalıdır”.

V.Talıbov deyib ki, müəllim, şagird və tələbələrin dərsə davamiyyətinə, nizam-intizama əməl etmələrinə ciddi nəzarət olunmalı, tələbkarlıq artırılmalıdır. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri təhsil müəssisələrində təhsil alan və təhsil verənlərin müəyyən olunmuş geyim formasından düzgün istifadəsini təmin etməli, bu işlə şəxsən məşğul olmalıdırlar. İqtisadi İnkişaf Nazirliyi təhsil müəssisələrinin geyim formalarına olan tələbatını müəyyənləşdirməli, qəbul edilmiş formada şagird, tələbə və müəllimlər üçün keyfiyyətli parçadan geyim dəstlərinin hazırlanmasını və münasib qiymətə satışını təmin etməlidir. Rayon icra hakimiyyətləri məktəbli geyim formalarının kəndlərdə yaradılmış xidmət mərkəzlərində satışına nail olmalıdırlar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli, tələbə və müəllim geyim formalarının keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına nəzarəti artırmalıdır.

Valideyn himayəsindən məhrum olmuş uşaqların da məktəbli ləvazimatları ilə təminatı diqqət mərkəzində saxlanılmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri bu qəbildən olan uşaqları pulsuz məktəbli geyimləri və məktəbli ləvazimatları ilə təmin etməlidirlər.

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələri müvafiq ixtisaslar üzrə tədris və tədris-metodik ədəbiyyatların hazırlanmasına diqqəti artırmalıdırlar. Təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi baxımından elmi əlaqələrin yaradılması da diqqətdə saxlanılmalıdır. Müəllim və tələbə mübadiləsi, digər ölkələrdən müəllimlərin dəvət olunması və ya distant təhsilin təşkili istiqamətində fəaliyyət gücləndirilməlidir.

Ali Məclisin sədri deyib: “Yenidən qurulmuş və ya tikilərək istifadəyə verilmiş təhsil müəssisələrinin yeməkxanalarında xidmət üçün hər cür şərait yaradılmışdır. Buna baxmayaraq, yaradılan şəraitdən düzgün istifadə edilmir. Aparılmış yoxlamalar göstərir ki, təhsil müəssisələrində məktəblilərin sağlamlığı üçün zərərli olan, həmçinin uyğunluq sertifikatı olmayan ərzaq məhsulları satılır. Bu məhsulların sanitariya tələblərinə cavab verməyən şəraitdə saxlanılması halları da mövcuddur. Yeməkxanalarda təmizliyə əməl
edilməli, işçilər müvafiq geyim formasında olmalıdırlar.

Naxçıvan Muxtar Respublikasının Təhsil, İqtisadi İnkişaf və Səhiyyə nazirlikləri təhsil müəssisələrində sağlamlıq, iaşə və məişət xidmətlərinin təşkilinə və sanitariya-gigiyena normalarına əməl olunmasına nəzarət etməlidirlər. Təhsil və İqtisadi İnkişaf nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi təhsil müəssisələrindəki, eləcə də məktəbəqədər təhsil müəssisələrindəki yeməkxanalara alınan ərzaq məhsullarının keyfiyyətinə və onların yerli məhsullar olmasına nəzarəti artırmalıdırlar. Bu müəssisələrin ərzaq təminatı İqtisadi İnkişaf Nazirliyi tərəfindən yoxlanılmış və müvafiq qaydada uyğunluq sertifikatı almış yerli istehsal qurumları tərəfindən aparılmalıdır. Təhsil müəssisələrinə kənar yerdən ərzağın və yeməyin gətirilməsinə yol verilməməlidir. Şəhər və rayon icra hakimiyyətləri məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlam qida ilə təminatı üçün birbaşa məsuliyyət daşıdıqlarını unutmamalıdırlar”.
Muxtar respublikada bütün sahələrdə iş həcminin artırılmasının və müasir texnikanın tətbiqinin ixtisaslı kadrlara olan tələbatı da
artırdığına diqqəti çəkən Ali Məclisin sədri demişdir: “Bununla bağlı əmək bazarının öyrənilməsi və ayrı-ayrı peşələrə olan tələbatın düzgün müəyyən edilməsi indi daha böyük əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə peşə təhsili üzrə kadr hazırlığını mövcud tələbatlar nəzərə alınmaqla aparmalı, buna uyğun olaraq kursların yaradılması təmin edilməlidir”.

“Muxtar respublikada elm sahəsində bir sıra tədqiqat işləri aparılır. Amma nəticə baxımından səmərəli təkliflərin sayı azdır”,- deyən Ali Məclisin sədri bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri bu sahədə dönüş yaratmalı, aparılan elmi tədqiqatların səmərəliliyinə diqqəti artırmalı, elmin iqtisadiyyata tətbiqi genişləndirilməli, elmi-tədqiqat institutları ali təhsil müəssisələri ilə əlaqəni möhkəmlətməlidirlər. Gənc tədqiqatçıların hazırlanması sahəsində tədbirlər gücləndirilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin qısa müddətdə nəşrə verilməsini təmin etməlidir. Dövlət Gömrük Komitəsinə tapşırılmışdır ki, muxtar respublikaya gətirilən məktəbli ləvazimat və geyimlərinin keyfiyyətinə nəzarət etsin, məktəbli və tələbələrin, eləcə də müəllimlərin sağlamlığına mənfi təsir göstərən, keyfiyyət sertifikatı olmayan məhsulları muxtar respublika ərazisinə buraxmasın.

Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilib, qeyd olunub ki, muxtar respublikada elm və təhsil müəssisələri yeni binalarla təmin olunub, binaların ətrafında yaşıllıq sahələri yaradılıb. Lakin bir çox hallarda binalar və onlarda olan avadanlıqlar lazımi səviyyədə saxlanılmır, yaşıllıq sahələrinə isə kifayət qədər qulluq göstərilmir. Aidiyyəti təşkilatlar yerləşdikləri binaları, burada quraşdırılmış avadanlıqları və binaların ətrafındakı yaşıllıqların qorunmasını, binaların ətrafının təmiz saxlanılmasını təmin etməlidirlər.
Ali Məclisin sədri qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müşavirə iştirakçılarına uğurlar arzulayıb.