Naxçıvanda səhiyyəmizin bu günü müzakirə edilib -VIDEO

Naxçıvanda ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Azərbaycan səhiyyəsində yüksək texnologiya və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.

XALQ.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazıb. Ulu öndərimiz tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolunun sədaqətlə davam etdirilməsi digər sahələrlə yanaşı, əhalinin sağlamlığının qorunması, tibbi xidmət səviyyəsinin yüksədilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm rol oynayır.

Ölkə prezidentinin himayəsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlar tətbiq olunur. Ən son texnologiyalarla müayinə və müalicə işləri aparılır. Yüksək ixtisasli həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə TUR, açıq ürək, laporoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə yetirirlər.

Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ürək və Sağlamlıq İctimai Birliyinin sədri, tibb elmləri doktoru Rəşad Mahmudov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə səhiyyə sisteminə xüsusi diqqət yetirildiyini xatırladıb. Rəşad Mahmudov deyib ki, səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması bu gün Azərbaycanın səhiyyəsinin prioritetlərindəndir.Səhiyyənin və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılması əhali sağlamlığının etibarlı təminatına geniş imkanlar açır.

Rəşad Mahmudov tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilən Dövlət Proqramlarının xüsusi rolundan bəhs edib, onların icrasının təmin olunmasını hər bir həkim və tibb işçisinin mühüm və şərəfli vəzifələri kimi dəyərləndirib.

Sonra “Bakı” Medikal Plaza Mərkəzinin Pediatriya və neonatologiya, yenidoğulmuşların reanimasiyası şöbəsinin müdiri Erkin Rəhimovun, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitunun radioloqu Azər Fərəcovun, Milli Onkologiya Mərkəzinin onkoloqu Fuad Novruzovun, Mərkəzi Neftçilər Xəstəxanasının otolarinqoloqu, LOR cərrahı Tural Hüseynovun müxtəlif mövzularda məruzələri dinlənilib.

Məruzələr video-süjetlər, müayinə və müalicə proseslərindən görüntülərlə müşayiət olunub. Neonatologiya sahəsində çalışan aparıcı mütəxəsislərin əldə etdiyi son nailiyyətlər, qarşıda duran aktual problemlərin həllinə yönəlmiş məsələlər çıxışlarda öz əksini tapıb. Yenidoğulmuşların orqanizmində müşahidə edilən xəstəliklərin diaqnostika və müalicəsindəki təcrübələrin, elmi işlərin, standartların tətbiqinin tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin artırılmasına xidmət etdiyi vurğulanıb.

Konfransda mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir