Nazir Bakı şəhərinin Təhsil İdarəsini ona tapşırdı – ƏMR

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinin icrası təhsil nazirinin yeni müavini Məhəbbət Vəliyevaya həvalə edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, Məhəbbət Vəliyeva Bakı şəhərində anadan olub.

1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

2001-ci ildə “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsinin qalibi olub.

Azərbaycan Respublikası  Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb.

2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə  təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

Psixologiya üzrə fəlsəfə doktorudur.

YAP Nəsimi Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

 

 

 

Orxan