Nazir cənub bölgəsinin vətəndaşları ilə görüşdü

Nazir

Aprelin 18-də kənd təsərrüfatı naziri Heydər Əsədov Cəlilabad Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarından 80-dən çox sakin iştirak edib.

Qəbula gələnlər nazirə əsasən kənd təsərrüfatı məhsulları istehsalı prosesində qarşıya çıxan problem və çətinliklərlə əlaqədar müraciət edərək, lazımi texnikanın əldə olunması, subsidiyaların verilməsi, suvarma sistemlərinin modernləşdirilməsi ilə bağlı təkliflərini bildiriblər.

Vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həll olunub, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Görüşdən sonra nazir “Aqrolizinq” ASC-nin Cəlilbad rayon Logistik gübrə bazasına, Aqroservis filialına, Baytarlıq İdarəsinə, həmçinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Zona təcrübə stansiyasına baxış keçirib, tapşırıq və tövsiyələrini verib.