Nazir görüş keçirdi

Kənd təsərrüfatı naziri İnam Kərimov Macarıstanın xarici işlər naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ xəbər verir ki, Nazirlikdən  verilən məlumata görə, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində movcud olan əlaqələr müzakirə olunub.

Nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İ.Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Macarıstan arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu diqqətə çatdıran nazir kənd təsərrüfatında innovasiyaların tətbiqi və toxumçuluq sahəsində ölkələr arasında əlaqələrin inkişafından məmnun olduğunu qeyd edib.

Öz növbəsində, qəbula görə təşəkkür edən Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsində Azərbaycanla bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığa önəm verildiyini vurğulayıb.

Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

 

 

Orxan