Nazir kimə tapşırıq verdi- Jurnalistin döyülməsində kim cəzalanacaq?

Bu gün səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər.

Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun bu gün keçirilən dəfn mərasimində baş verib. 

Belə ki, Yasamal qəbiristanlığında mərhumla dəfn mərasimini lentə alan jurnalist Famil Fərhadoğlu nazirliyin işçilərinin hücumuna məruz qalıb. 

O, üz və qol nahiyəsindən xəsarət alıb. Həmçinin mobil telefonu əlindən alınaraq, sındırılıb.

Bu barədə başına gələnləri danışan F.Fərhadoğlu hadisəni belə şərh edib:

“Dəfn mərasimində iştirak edən səhiyyə naziri Oqtay Şirəliyevi telefonla fotosunu çəkərkən, nazir bir nəfərə işarə edib bildirdi ki, fotomu çəkəni soruşun, görün kimdir. Bu zaman orta yaşlı və cavan oğlan mənə yaxınlaşaraq şəkil çəkməməyimi tələb etdi. 

Mən isə Kütləvi İnformasiya Vasitələri haqqında qanunu xatırlatdım, vəsiqəmi təqdim edərək bildirdim ki, jurnalistika fəaliyyətimə mane olmayın. Həmin vaxt 30-35 yaşlı cavan oğlan mənə hücum edərək üzümə sillə və yumruq vurdu. Daha sonra telefonumu əlimdən alaraq özləri ilə götürdülər. Güclə telefonda olan nömrəmi və yaddaş kartını çıxara bildim. Onlar yenidən hücum edərkən hadisə yerindən uzaqlaşdım. 

Məsələ ilə bağlı hüquq-mühafizə oraqanlarına müraciət edərək bildirmək istəyirəm ki, məni döyənləri və telefonu əlimdən alanları tapıb cəzalandırsınlar”.


 

Xəbər verdiyimiz kimi, bu gün səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər.
Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib.
Mia.az Unikal.org-a istinadən xəbər verir ki, məsələdən xəbərdar olan nazir Oqtay Şirəliyev döyülmə ilə bağlı məlumatı saytdan çıxartdırmaq istəyib.
Belə ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Unikal.org-un baş redaktoru Asəf Rzayevlə əlaqə saxlayıb. O, A.Rzayevdən xəbəri saytdan silməyi xahiş edib: “Xahiş edirik, hadisəni ictimailəşdirməyin! Nazir məsələdən xəbərdardır. Hadisəni törədənlər müəyyənləşdirilərək cəzalandırılacaq”.
A.Rzayev nazirin əməkdaşının bu xahişini rədd edərək, hadisə ilə bağlı ölkə başçısı İlham Əliyevə də müraciət ediləcəyini deyib.
Onu da qeyd edək ki, döyülən F.Fərhadoğlu başına gələn xoşagəlməz hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib.
Bundan sonra hüquq-muhafizə orqanları məsələyə cəld reaksiya verib.
Döyülən jurnalist hadisənin baş verdiyi ərazi üzrə Yasamal rayon 28-ci Polis Bölməsinə izahat vermək üçün çağrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.