Nazir Mərkəzi Neftçilər Xəstəxanasının 60 illik yubileyində

merkezi neft
Dekabrın 8-də Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının 60 illik yubileyi qeyd olunub.

XALQ.AZ AZƏRTAC-a istinadən bildirir ki, xəstəxananın baş direktoru Leyla Seyidbəyova bu tibb ocağının 1956-cı ildə Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası adı ilə yaradıldığını xatırladıb. Məlumat verib ki, xəstəxana çox keçmədən neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində Azərbaycanın ən böyük mərkəzinə çevrilib. Bir neçə il sonra burada yeni korpuslar tikilib, klinika keyfiyyətli tibbi xidmətləri təmin etməyə imkan verən bütün lazımi avadanlıqla təchiz edilib.

Qeyd olunub ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası ən müasir müalicə-diaqnostika avadanlıqları və gündəlik fəaliyyəti üçün lazım olan hər cür dərman preparatları ilə təmin edilib. Xəstəxananın zəngin maddi-texniki bazası və güclü kadr potensialı burada mürəkkəb cərrahi əməliyyatlar aparmağa imkan verir. Xəstəxanada üç tibb elmləri doktoru və 25 tibb elmləri namizədi çalışır.

Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev xəstəxananın kollektivini yubiley münasibətilə təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb. Nazir vurğulayıb ki, son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına təkan verib. Oqtay Şirəliyev tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə danışıb.

Yubiley mərasimində Mərkəzi Neftçilər Xəstəxanasının bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı oxunub. O.Şirəliyev təltif olunan şəxslərə medalları təqdim edib. Bundan başqa, xəstəxananın bir sıra əməkdaşları “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb.

Scroll to top